Həssas kateqoriyadan olan vətəndaşlar qayğı ilə əhatə olunurlar
Sosial həyat

Həssas kateqoriyadan olan vətəndaşlar qayğı ilə əhatə olunurlar

Dünyanın hər tərəfində tüğyan edən COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlər, digər tərəfdən isə bir çox ölkələrdə iqtisadi-maliyyə çətinlikləri bu gün bəşəriyyəti ağlasığmaz çətinliklərlə üzləşdirib. Dünya dövlətləri bu çətinliklərdən maksimum az ziyanla çıxmağa, əhalisinin maddi rifahının yaxşılaşdırmağın yollarını tapmağa səy göstərir. Müstəqil, məqsədyönlü siyasət yürüdən Azərbaycanda istər pandemiya şəraiti, istərsə də Vətən müharibəsi səbəbindən dövlətin gəlirlərinin müəyyən qədər azalmasına baxmayaraq, sosial sahəyə ayrılan vəsaitin həcmi  getdikcə artır, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu dövlət siyasəti sayəsində ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın firavan yaşaması üçün köklü islahatlar aparılır. Ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası daha da genişləndirilir, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.

Həyata keçirilən sosial layihələr əsasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraiti daha da yaxşılaşdırılır. Belə ki,  Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək səviyyədə diqqət və qayğı göstərilir, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti nəzarətdə saxlanılır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanlar şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin   rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dəstək və davamlı qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına uyğun olaraq bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunur, onların mənzil-məişət problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.  

Sosial dəstək tədbirləri çərçivəsində şəhid ailələrinə və müharibə əlillərinə sığorta ödənişi, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilməsi, şəhid ailəsi üzvlərinin və müharibə əlillərinin övladları və özlərinin təhsil haqqı ödəməkdən azad olunması, əlillərin reabilitasiya vasitələri ilə və sanator-kurort müalicəsi üçün pulsuz göndərişlərlə təmin olunmaları nəzərdə tutulub.

Şəhid ailəsi üzvlərinin və müharibə əlillərinin övladlarına aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s. üstünlük verilməsi və onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Belə ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə start verilən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən məşğulluq marafonuna artıq 54 işəgötürən qoşulub. Bakı və bölgələrdə fəaliyyət göstərən işəgötürənlər müvafiq elektron platformaya mövcud olan və ya yeni yaradılan, müxtəlif peşə sahələrini əhatə edən 76 vakansiya daxil ediblər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunur.

Postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazilərdən ibarət 6400-dən çox şəxsin məşğulluğuna dəstək göstərilmiş, onlardan 4944 şəxs  kiçik biznes sahələri yaratmış, 500-ə yaxın şəxs münasib işlə, 1000-dək şəxs haqqı ödənilən ictimai işlərlə təmin edilmişdir.

Sosial tədbirlər çərçivəsində ölkə ərazisində yaralı hərbçilərin sağlamlıqlarının bərpa olunması üçün reabilitasiya mərkəzləri yaradılmış, Qarabağ müharibəsində bədən əzalarını itirmiş qazilərimiz üçün müasir protezlər gətirilmiş və  İkinci Qarabağ müharibəsinin 100-dək qazisi ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunmuşdur.

Bu ilin əvvəlində açılan  və ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatında qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir, ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir.

Ən müasir tələblərə cavab verən Buzovna Sanator  Kurort  Reabilitasiya Mərkəzində nevroloji və  psixoloji  müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti və s. təşkil olunub. Mərkəz qazilərin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektrli “Giger” adlı cihazla təmin edilib.

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin, fərdi evlərin, habelə müharibə əlillərinə avtomobillərin verilməsi sosial dəstək tədbirləri içərisində önəmli yer tutur. Artıq bu günə qədər 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən  mənzillərlə, fərdi evlərlə təmin olunmuşdur ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilmişdir. Dövlət başçısı İlham Əliyevin  25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək ki, bu da  mənzil və fərdi evlə təminat proqramını 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndirəcək.

Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Qəsəbədə  810 mənzilli yaşayış kompleksində 300 şəhid ailəsi və müharibə əlili üçün nəzərdə tutulan 15 ədəd doqquzmərtəbəli bina, 624 yerlik orta məktəb, 140 yerlik uşaq bağçası da inşa olunub.

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən demişdir: “Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib”.

Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması məqsədilə 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.

İkinci Qarabağ müharibəsində Ermənistan qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan, uzaqmənzilli ballistik raketlərdən istifadə edərək  hərbi cinayətlər törətmiş, mülki əhalini atəşə tutmuşdur. 100-dən çox mülki şəxs həlak olmuş və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılmışdır. Müharibə dövründə evlərini  və yaxınlarını itirmiş mülki şəxslərin problemlərinin  həlli ilə bağlı dövlət tərəfindən  həyata keçirilən tədbirlər çərçivəsində  mülki şəxslərin dağıntılara məruz qalmış şəxsi evləri  də dövlət xətti ilə yenidən tikilir.

Bu gün müasir Azərbaycanın dövlət quruculuğunda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Dövlətimiz tərəfindən həyata keçirilən mütərəqqi sosial siyasətin əsasında Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı dayanır. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən ölkə başçısı İlham Əliyevin dediyi kimi “...bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır... Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə...”

Bu gün həqiqətən də sözdə deyil, əməldə həyata keçirilən  genişmiqyaslı işlər, təşəbbüslər ölkə başçısının xoş gələcəyə hədəflənmiş məqsədyönlü siyasətinin təzahürüdür.

Mehparə ƏLİYEVA,

“Respublika”.