Hərbi qulluqçuların xidmət və sosial şəraitinin yaxşılaşdırılması işləri davam etdirilir
Digər xəbərlər

Hərbi qulluqçuların xidmət və sosial şəraitinin yaxşılaşdırılması işləri davam etdirilir

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad olunan ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Mərkəzi istilik sistemi quraşdırılan hərbi hissədə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-camaşırxana-qazanxana kompleksi, avtomobil parkı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib.

Müdafiə naziri hərbi qulluqçuların xidmət və sosial şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, xüsusilə də azad olunan ərazilərdə xidmət edən şəxsi heyətin bütün zəruri ehtiyaclarının təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Sonda Zəfər Günü münasibətilə hazırlanan tort kəsilib və general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

AZƏRTAC