Hərbi Qənimətlər parkı və Şəhidlər xiyabanı - qürur və ehtiram ünvanı
Sosial həyat

Hərbi Qənimətlər parkı və Şəhidlər xiyabanı - qürur və ehtiram ünvanı

Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup gəncinin Bakı şəhərində yerləşən Hərbi Qənimətlər parkı və Şəhidlər xiyabanına ekskursiyası təşkil olundu.

Müzəffər Azərbaycan ordusunun parlaq Qələbəsindən sonra Bakıya gətirilən düşmənin darmadağın edilmiş hərbi texnikası gənclər tərəfindən maraqla izlənildi. Şahinlərimizin Hərbi Qənimətlər parkındakı hərbi keçidi böyük coşqu ilə qarşılandı. Sonra gənclər Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarı önünə gül dəstələri düzüldü. Bildirildi ki, Bakının ən uca yerində yerləşən Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd oğullarımız uyuyurlar. And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarını ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı.

Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilib. Burada şəhidlərin xatirəsinə əbədi məşəl kompleksi yaradılıb. Hər gün çoxlu sayda məktəblilər, gənclər, şəhərimizə gələn qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Sonra gənclər Fəxri Xiyabanda xalqımızın qəhrəman şəhidlərinin, baş leytenant Əbubəkr İsmayılovun, Milli Qəhrəman Mübariz İbrahimovun, general-mayor Polad Həşimovun, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun, polkovnik İlqar Mirzəyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş digər Azərbaycan qəhrəmanlarının məzarlarını ziyarət etdilər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarları üzərinə gül dəstələri qoyuldu.

Çıxış edənlər bildirdilər ki, bu oğullar yağı tapdağı altında olan torpaqlarımızı işğaldan azad edib, bizi ən müqəddəs amalımıza, məqsədimizə çatdırıblar. Vətən müharibəsində tarixi torpaqlarımızı canları, qanları bahasına düşmən tapdağından təmizləyən cəsur oğullarımızın qəhrəmanlıq nümunəsi bir daha sübut etdi ki, şəhidlik uca zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Məhz ona görə də hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdikləri həyat yolundan çox şeyləri öyrənməlidir.

 Tofiq HÜSEYN,

 "Respublika".