Hərbi Prokurorluqda Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyinə həsr olunmuş mərasim keçirilib
Digər xəbərlər

Hərbi Prokurorluqda Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyinə həsr olunmuş mərasim keçirilib

Oktyabrın 1-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 103 illiyinə həsr olunmuş mərasim keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bütün prokurorluq əməkdaşlarını, o cümlədən tədbir iştirakçılarını 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Xanlar Vəliyev bildirib ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü olub.

Hərbi prokuror Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən nəhəng işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən, koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan uğurlu mübarizədən, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırılmasından bəhs edib. Bildirilib ki, əldə olunan uğurlar, o cümlədən 44 günlük döyüşlərdə qazanılan ardıcıl zəfərlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, xalqımızın əzmkarlığı və mübarizliyi, Silahlı Qüvvələrimizin rəşadəti və qəhrəman hərbçilərimizin şücaəti sayəsində mümkün olub.

Xanlar Vəliyev vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl uğurlarda millətinə və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, insanpərvərliyi, xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Prokurorluğa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev tarixi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyini və operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi prokurorluqlarının və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılmasını və hazırda adları çəkilən prokurorluqların qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərdiklərini qeyd edib. Bildirilib ki, Prezident-xalq-ordu birliyinin nəticəsi olan möhtəşəm Qələbəmiz uzun illər işğal altında qalmış tarixi torpaqlarımızda da ilk dəfə olaraq peşə bayramı gününü qeyd etməyə imkan verəcək və bundan böyük bayram sevinci ola bilməz.

Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə hərbi prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.

Hərbi prokuror Xanlar Vəliyev tədbirə yekun vuraraq Hərbi Prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən böyük işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, qanunçuluğun, dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, cinayətkarlığa eləcə də dövlətimizin qüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.

AZƏRTAC