Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub
Digər xəbərlər

Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub

Martın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi institutun ərazisindəki büstü önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Nazirliyin rəhbərliyi, hərbi institutun zabit, kursant və professor-müəllim heyəti, həmçinin şəhid ailələrinin iştirakı ilə institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu diqqətə çatdıran nazir onların valideynlərinə Vətənə layiqli övlad yetişdirdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, hərbi institutdan 549 hərbi qulluqçu Vətən müharibəsində iştirak edib. Onlardan 10 nəfəri qəhrəmancasına şəhid olub, bir nəfər isə dövlət başçısının müvafiq sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.

Şəhidlərin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildiriblər. Övladlarının bütün gənc nəslə nümunə olacaq qəhrəmanlıq və şücaətləri, torpaqlarımızın işğaldan azad edilməsi ilə xalqımızın xoşbəxt gələcəyinə səbəb olmaları ilə hər zaman fəxr etdiklərini bildiriblər.

Mərasimdən sonra müdafiə naziri şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb.