Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar
Digər xəbərlər

Hərbi dənizçilərimiz növbəti mərhələdə ən yüksək xalı toplayıblar

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsinin iştirakçı komandaları "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" mərhələsinin "Təlim-məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə" epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çalışmanın şərtlərinə əsasən Azərbaycan, İran, Qazaxıstan və Rusiya hərbi dənizçiləri gəminin təhlükəsizliyinin təmin edilməsi, müxtəlif zədələrdən gələn suyun qarşısının alınması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.

Bu mərhələdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 40 xal toplayaraq ən yüksək nəticə göstərib. Rusiya Hərbi Dəniz Donanmasının komandası 34 xalla, İran Hərbi Dəniz Qüvvələrinin komandası 32 xalla, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandası isə 30 xalla mərhələni başa vurublar.

AZƏRTAC