27 sentyabr 2020-ci ildə Azərbaycan tarixi sözün həqiqi mənasında yenidən yazılmağa başladı. Bu barədə danışan siyasi ekspert Samir Hümbətov deyib: "Bu dövrə qədər təbii ki, bir sıra hadisələr baş vermişdi. Xüsusilə də iyun ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu ərazisinə edilən təxribatçı hücumlar nəticəsində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev həmçinin, səkkiz hərbi rütbəli şəxs və eyni zamanda ümumilikdə 12 hərbçimiz şəhid oldu.
27 sentyabr səhər saatlarında Ermənistan ənənəvi olaraq təxribat əməllərini gücləndirdi. Artıq bu dəfə sərhədboyu bütün ərazilərdə, xüsusilə də Tərtər və digər istiqamətlərdə iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan atəş açdılar. Təxribatlar qarşısıalınmaz hal aldı və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı və 44 günlük hərbi əməliyyatlar dövründə ordumuz bir addım belə geri çəkilmədən ölkəmizin ərazilərini işğaldan azad etdi. Təbii ki, həmin dövrdə də Azərbaycana bir çox dövlətlərdən, güc mərkəzlərindən, beynəlxalq regional təşkilatlardan müəyyən təzyiqlər olunurdu. Amma ölkəmizin yanında duran dövlətlər də vardı ki, bunlarında əsas məqsədi regiona sülhün, təhlükəsizliyin gətirilməsi və davamlı sülhün əldə edilməsi idi. Bu da ölkəmizin məqsədləri ilə üst-üstə düşürdü. Azərbaycan 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi və bu proses yeni müstəviyə daşındı. Təbii ki, müharibədən əvvəl mütəmadi hal almış atəşkəsin pozulması Ermənistanın gündəlik, rutin olaraq həyata keçirdiyi bir proses idi. Amma proses artıq dözülməz hal almışdı və Ermənistan əslində o dövrə qədər də bütün beynəlxalq təşkilatlarda müxtəlif formalı manipulyasiyalar edirdi. Bu da təbii ki, bəzi dövlətlərdə, güc mərkəzlərində çaşqınlıq yaradır, yaxud da ki, məqsədyönlü şəkildə bu haldan istifadə edilirdi. Azərbaycanın zəfəri bu situasiyaları darmadağın etdi. 3 il əvvəlki tarixi qələbə beynəlxalq müstəvidə fəaliyyətsiz qurumlar üçün həyəcan təbili çaldı.
Bu il aprel ayının 23-də Azərbaycan Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurdu. Sentyabrın 20-də isə bütün Qarabağ ərazisində öz suverenliyini tam şəkildə bərpa edərək yeni bir dövrə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra tutduğu mövqe, həyata keçirdiyi diplomatik səylər, əslində Azərbaycan üçün böyük önəm kəsb edir. Bu gün Azərbaycanın həm region, həm də dünyanın müxtəlif dövlətləri ilə, nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlıq əlaqələri genişlənir. Bu isə o deməkdir ki, Azərbaycan özünün mövqeyini daha da gücləndirib. Təsəvvür edin ki, müharibədən öncə ölkəmizin inkişafını hərbi müstəvidə götürəndə Azərbaycan 195 ölkə arasında 112-ci yerdə qərarlaşmışdısa, bu gün artıq Azərbaycan daha da irəliləyərək 57-ci yerdə qərarlaşıb. Şuşa qələbəsi, xüsusilə dünya hərb tarixinə qızıl hərflərlə yazılmış mühüm qələbədir. Eyni proses bir neçə gün öncə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə istiqamətində apardığımız antiterror tədbirləri nəticəsində də bariz şəkildə özünü büruzə verdi. Mülki əhaliyə və infrastruktura zərər vurmadan aparılan proses Azərbaycanın humanitar yanaşmalar ortaya qoyduğunu bir daha göstərdi.
27 sentyabr qürur günümüzdür. Biz həmin gün başlanan Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdik. Göstərdik ki, bundan sonra artıq bölgədə ancaq və ancaq sülh, əmin-amanlıq və sabitlik hökm sürəcək və həm Azərbaycan, həm də Azərbaycanla bərabər onun dostları da təhlükəsiz və sabit bir regionda fəaliyyətlərini davam etdirəcəklər".
Tacir SADIQOV,
"Respublika".