Hər zərrəsi həyat mənbəyi
Region

Hər zərrəsi həyat mənbəyi

Su həyat mənbəyidir, el arasında deyildiyi kimi, həm də aydınlıqdır. Su təbiətin bizə bəxş etdiyi ən böyük və ən qiymətli sərvətdir. Uzun illərdir ki, Yaponiya hökuməti Qarabağ bölgəsində əvəzsiz nemət olan içməli su ilə bağlı layihələr həyata keçirib. Xeyirxah və nəcib bir təşəbbüs, təqdir olunan bir addımdır.

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən layihə Ağdam rayonu Çullu və Xındırıstan kəndlərini əhatə edib. Əhalinin içməli su təchizatı sisteminin inşası başa çatıb. Qeyd edək ki, Ağdam rayonu Çullu və Xındırıstan kəndlərində içməli su təchizatı sisteminin inşası layihəsinin ümumi məbləği 88 min 859 ABŞ dollar təşkil edib. Layihənin məqsədi rayonun Çullu və Xındırıstan kəndlərinin hər birində bir subartezian quyusunu qazmaqla əhalinin içməli su ehtiyacının qarşılanması və sanitar vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Hazırda Xındırıstan və Çullu kəndlərinin  4762 nəfər sakini həmin subartezianlardan istifadə edir. Kənd sakinləri həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə öz minnətdarlıqlarını bildiriblər.

Bu yaxınlarda isə, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən digər layihə əsasında Füzuli rayonunda yeni subartezian quyusu istifadəyə verilib. Rayonun Şükürbəyli kəndində yeni istifadəyə verilən artezian quyusu əhalinin  içməli su təchizatını xeyli

yaxşılaşdırıb. Burada qısa müddət ərzində bir subartezian quyusu qazılaraq bir  ədəd transformator, 5 su paylama nöqtəsi və bir su çəni də quraşdırılıb. Yeni istifadəyə verilən quyudan kəndin 1600 nəfər sakini istifadə edir. Su insanlara rahatlıq və yüksək əhvali-ruhiyyə bəxş edib. Kənd sakinləri xeyirxahlara minnətdar olduqlarını bildiriblər.

Salman ALIOĞLU,

“Respublika”.