Hər şəhid ömrü bir tarixdir
Sosial həyat

Hər şəhid ömrü bir tarixdir

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Orxan Əli oğlu Mirzəyevdir. Çoxlu arzuları var idi. Qisməti şəhidlik oldu... Orxan Mirzəyev Vətən müharibəsində Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il noyabrın 2-də Biləsuvar rayonu Aşağı Cürəli kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Orxan Biləsuvarın İkinci Vətən müharibəsində qəhrəmanlıq göstərən 69 şəhidindən biridir. Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Neçə-neçə qəhrəmanlarımız Qarabağ torpaqlarında döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Vətənpərvərlik həm də doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, qeyrət simvoludur. Ömrünü Vətən yolunda qurban verən Orxan qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını  Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daim yaşayacaq, ucalacaq və qalib gələcək!

Orxan  qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti  ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad,Vətənə layiqli oğul oldu, qəhrəmanlığı  ilə hər kəsin başını uca etdi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə hər kəsə nümunə idi.

Müşfiq MİRZƏ,

"Respublika".