Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

2020-ci il sentyabrın 28-də Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların cəbhəboyu sürətli əks-hücum əməliyyatı davam edib. Bütün cəbhəboyu gərgin döyüşlər gedib. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb. Qarabağın şimalında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri irəliləyərək yeni yüksəklikləri və mövqeləri azad edib. Sentyabrın 28-də səhər saatlarında Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o, geri çəkilməyə məcbur edilib. 2016-cı ilin aprelində amansız döyüşlərin getdiyi Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib. Müdafiə Nazirliyi öldürülmüş erməni xüsusi təyinatlılarının fotoşəkillərini yayıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd "Osa" ZRK, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi mövqelərdən geri çəkilməyə məcbur edilib.

Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusu daha 28 hərbçisini itirib. Ermənistan tərəfi yaydığı məlumatda ümumilikdə 59 hərbçisinin öldüyünü təsdiqləyib. Xatırladaq ki, bu, rəsmi açıqlamadır. Ermənilər ordularındakı xaosu yatırtmaq məqsədilə real itkilərinin sayını əhalidən gizlədir. Düşmənin itkilərinin bundan qat-qat çox olduğu barədə məlumatlar var. Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə bildirib ki, Ermənistan ordusunun 24 ədəd tank və digər zirehli texnikası, 15 ədəd ASA zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı, 8 ədəd artilleriya qurğusu məhv edilib. Ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550-dən artıq itkisi var. Düşmən itkiləri arasında aşkar edilmiş bəzi cəsədlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş erməni əsilli muzdlular olduğu müəyyənləşdirilib.

Gərgin döyüşlər davam edirdi...

"Respublika".