Hər gün yollara boylananlar
Digər xəbərlər

Hər gün yollara boylananlar

Vətən deyəndə şəhidlər, şəhidlər deyəndə torpaq, namus, şərəf, qürur yada düşür. O məşhur kəlamda deyildiyi kimi, torpaq uğrunda ölən varsa Vətəndir.

Kirpiklərini qırpmadan Vətən uğrunda canını, qanını əsirgəməyən şəhidlər ölmür, onlar hər zaman xalqın qəlbindədir və əbədi olaraq da yaddaşlarda yaşayacaqlar. Adı and yerinə çevrilən, igidliyi dastanlara sığmayan şəhidlər Azərbaycanın haqqını və şərəfini ucaltdılar. İgidlik, cəsurluq, şücaət Vətən sevdalı oğulların damarlarında axan qanla birgə döyünür. Sakit, lal axan çaylar qəflətən necə kükrəyirsə, aşıb-daşırsa, qəhrəmanlıq da bir anda baş verir. Döyüş meydanında igidlik göstərən oğulların çoxu valideynlərinin, qohumlarının, qonşularının erməni təcavüzündən əziyyət çəkdiklərinin şahidi olub. Yeniyetməlikdən onların qəlbində düşmənə qarşı qatı nifrət hissi baş qaldırıb. Qisas deyən ərənlər düşməni əzdilər, düşmənə layiq olduğu cəzanı verdilər. Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. 44 günlük müharibə Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu, Vətən məhəbbətini, müasir hərbi silahların uğurla tətbiq edilməsini, əsgər və zabitlərimizin fədakarlığını bütün dünyaya göstərdi. Bu qanlı müharibədə azərbaycanlılarla çiyin-çiyinə döyüş meydanında axıska türkləri, yəhudilər, tatlar, talışlar, ləzgilər, udinlər, ruslar  və respublikamızda yaşayan digər azsaylı xalqların nümayəndələri də qardaş kimi birgə düşmənə qarşı qəhrəmanlıqla vuruşdular. Vətən müharibəsində ən qatı düşmənimiz Ermənistan ordusuna qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız onların əfsanə kimi qəhrəmanlıqları nəticəsində azad edildi. Ən igid əsgər bizim əsgərdir, onun hünəri qarşısında tab gətirə bilməyən düşmən məhv edildi.

Şəhidlərin doğum tarixinə nəzər salanda 19-20 yaşlı gənclərin torpaq sevdası adamın bütün varlığını titrədir, göz yaşları yanağımızda şırım açır, qəlbimiz odlanır, "can, ay bala" kəlmələri dilimizi pörşələyir, dərdimizin ağırlığından qəlbimizdən ah qopur, fəqət, həm də bir qürur hissi başımızı dikəldir, şərəfimizi ucaldır, düşünürsən ki, qüdrətli, azman və cəsur xalq bir ölər, min dirilər. Bu igidləri bəsləyib böyüdən anaların "düşmənə bac vermə, oğul", - deyən ataların dözümü, iradəsi, övlad yerinə al-qırmızı bayrağımızı sinəsinə sıxaraq, təki Vətən yaşasın deyən valideynlərin sonsuz kədəri qarşısında sözlər də aciz qalır. Sevgilisini, həyat yoldaşını müharibəyə yola salan, əllərindən hələ toy xınasının rəngi solmayan gəlinlərin nələr çəkdiyini kim bilər, gündüzlər toxdaq görünsə də, gecələr səhəri  göz yaşları ilə açır, lal baxışları adamın ürəyini dəlib keçir. Atalarının məzarını qucaqlayıb cansız daşı öpən, onun ruhu ilə səssiz danışan iki körpə uşağın o anda nələr düşündüyünü kim bilər?! Şəhid övladının əsgər paltarını geyinib çiynində onun tabutunu son mənzilə aparan anaların hünəri elə bir əzəmət dastanıdır, ismətinə, həyasına bürünərək ərinin bəy otağı kimi bəzədilmiş tabutu qarşısında lal-dinməz dayanan, qəlbində kədərin tüğyan etdiyi gəlinlərin harayı dağları, daşları dilə gətirir...

Şəhid ailələrinə, onların övladlarına, qazilərə baş çəkmək, onlara təsəlli vermək, gücümüz çatan qədər kömək etmək hər birimizin boynunun borcudur. Unutmayaq ki, soyuq, biganə münasibət onların qəlbini qırır, onları incidir, həyata küskün baxırlar. Vicdanı olan kəs bunu etməməlidir, bir kəlmə şirin sözü, xoş münasibəti, doğmalığı onlardan əsirgəməməliyik. Dövlət üzərinə düşəni layiqincə yerinə yetirir, onlara qayğı göstərir, biz isə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.

Vətən müharibəsindəki şərəfli Qələbəyə görə ordusu, əsgəri, generalı, cəngavər igidləri ilə fəxr edən, torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən şəhidlərin əziz xatirəsini uca tutan, qaziləri öz övladları kimi sinəsinə sıxan xalqımızın milli-mənəvi dəyərlərini unutmamalıyıq, düşünməliyik ki, şəhid ailələrinə və qazilərə hər birimizin ehtiram borcu var.

Salman ALIOĞLU,

"Respublika".