Hər əkilən ağac...
Region

Hər əkilən ağac...

Vaxtilə Ağdam şəhəri parklar və bağlar şəhəri idi. Şəhərdəki parklarda dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir ağaclar və gül kolları əkilmişdi, daha doğrusu, bura yaşıl vadini xatırladırdı. Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində, ermənilər tərəfindən xarabalığa çevrilən şəhər də daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiyada Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən, ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan sənaye zonası salınacaq ərazinin ətrafı daş və digər tullantılardan təmizlənib, hamarlanıb, əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 800 ədəd həmişəyaşıl ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara qulluq göstərilib.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman hərbçilərimizin canı-qanı bahasına azad olunmuş torpaqlarımızda bir ildir quruculuq işləri gedir. Bunlar çox əlamətdar günlərdir. Prezidentimizin təşəbbüsü ilə “Azərbaycanda 44 min ağac əkək” aksiyasına start verilib. Bu gün Regional İnkişaf İctimai Birliyinin və Ağdam nümayəndəliyinin əməkdaşları və rayon könüllüləri ilə bir qrupda bu aksiyaya qoşulduq. Ağacları ilk olaraq sənaye zonasının ərazisində əkdik. Növbəti günlərdə də ağacəkmə aksiyası davam edəcək. Əkilən ağaclar Ağdam şəhərinə gözəllik qatacaq. Burada aparılacaq quruculuq işlərinin tərkib hissəsi olaraq meşə zolağı salınacaq.

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edən gənclər bildirirlər ki, işğaldan azad edilmiş torpaqlarımızda belə aksiyanın iştirakçısı olmaq qürurvericidir. Bu sevinci bizə bəxş edən Prezidentimizlə, qüdrətli ordumuzla qürur duyuruq. Şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Uzun illərdən sonra Ağdamda əkilən ağaclar bu yerlərin yenidən əsl cənnətə dönəcəyindən xəbər verir. Hər əkilən ağac doğma torpağa məhəbbət, azad edilən yurd yerinin sevincinə bələnib. Ağdamlı gənclər deyir ki, illərdir doğma yurdumuzun həsrəti ilə yaşayırdıq. Ən böyük arzumuz torpağımıza qayıtmaq idi. Artıq Prezidentimizin, müzəffər ordumuzun sayəsində bu həsrətə son qoyulub, arzumuza çatmışıq. Ağdamımız yerlə-yeksan olsa da, biz onu yenidən quracağıq. Gözəl günlərimiz yenidən başlayacaq.

     Salman ALIOĞLU,

       “Respublika”.