Həqiqət qarşısında aciz yalanlar
Digər xəbərlər

Həqiqət qarşısında aciz yalanlar

Bu günlərdə milyarder Ruben Vardanyan İngiltərənin BBC kanalında yayımlanan "HARDTalk" proqramında çıxış edib. Müsahibə zamanı Laçın dəhlizinin bağlı olmasını və bunun Qarabağ ərazisində yaşayan əhaliyə ərzaq və tibbi yardımların göstərilməsinə mane olduğunu deyib. Vardanyanın həqiqəti əks etdirməyən çıxışı aparıcı Stiven Sakurun da qınağına səbəb olub. Belə ki, 25 dəqiqəlik efir vaxtında Vardanyanın bir neçə dəfə suallardan yayınması,  Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı real konsepsiyanın olmaması açıq şəkildə görünüb. Bundan əlavə, Stiven Sakur Azərbaycanın əzəli torpağını "Artsax" adlandıran Vardanyana əslində bölgənin Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb. Aparıcının: "Ya oranı tərk edin, ya Azərbaycan dövlətinin hakimiyyətini qəbul edin" fikirinə münasibət bildirən milliyyətsiz milyarder deyib ki, "bu, rəsmi Bakının mövqeyidir". Aparıcının 44 günlük müharibədə Azərbaycanın qələbəsini vurğulaması Vardanyanı özündən çıxarıb. Daha sonra isə mövzuya aid olmayan məsələlərdən - Avropa İttifaqı ilə Rusiya münasibətlərindən danışıb.

Saxta iddialarla müsahibəsini davam etdirən Vardanyan aparıcının  bu mövqeyini heç gözləmirdi. Belə ki, aparacının mövzuya tam hakim olduğu və Qarabağdakı separatçı rejimi dəstəkləmək niyyətində olmadığı aydın görünürdü. Stiven Sakurun Paşinyan-Vardanyan münasibətlərinin zərərli olması, rəsmi İrəvanın onunla heç bir işgüzar əlaqə qurmaq istəməməsi ilə bağlı sualına Vardanyan ümumi ifadələrlə açıqlama verdi: "Mən sizin nədən bəhs etdiyinizi başa düşmürəm. Bunu müzakirə etmək mənasızdır". Müsahibə çərçivəsində Vardanyanın Qarabağ ermənilərinin "blokada" şəraitində yaşaması barədə növbəti dəfə yalan danışmaq cəhdi isə uğursuz oldu. Aparıcının birbaşa suallarından yayınaraq nəhayət, cavab verməyi dayandırdı. Qərb BBC vasitəsi ilə bir jurnalist qarşısında aciz duruma düşən birinin - güclü  Azərbaycan dövləti qarşısında həll yollarını göstərən profilin Vardanyan olmadığını göstərdi.  

Uzun illər əsl niyyətini məharətlə gizlətməyi bacaran və bütün ziddiyyətli məqamlarda, mübahisələrdə "üstünlük" əldə etməklə tanınan milyarderin çıxışı bir çox suallar doğurdu. Ruben Vardanyanın hansı funksiyaları yerinə yetirəcəyi və bölgədəki hadisələrin gedişatına necə təsir  göstərəcəyi hələlik sirr kimi görünür. Lakin Vardanyanın verdiyi müsahibələrdən onun Qarabağdan  o tramplin kimi istifadə cəhdi aydın görünür. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün meydana atılmalıdır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribat xarakaterli çıxışların revanşist ermənilər tərəfindən yüksək tribunalardan səsləndirilməsi məğlubiyyətin həzm olunmadığını göstərir. Digər tərəfdən, Vardanyanın əvvəllər digər imkanlı ermənilərə də Qarabağa köçməyə çağırış etməsi buradakı lobbinin gücləndirilməsi məqsədini daşıyır.

Ruben Vardanyanın "Qarabağa gəlin" çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Məsələn, Rusiyada rahat həyat yaşayan Vardanyan niyə səfalət içində və Azərbaycanımıza aid olan bölgəyə  köçməyə bu qədər maraqlıdır? Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyanın Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlaması artıq şübhə doğurmur.

Amma Ruben Vardanyan və onun kimi digər erməni zənginlər anlamalıdırlar ki, siyasi və iqtisadi bonus qazanmaq üçün istifadə etdikləri Qarabağda yaşayan erməniləri qoruyacaq və hüquqlarını təmin edəcək yeganə qüvvə nə Ermənistan, nə də beynəlxalq təşkilatlardır, yalnız Azərbaycan Respublikasıdır. Azərbaycanımız separatçı rejimə və onun havadarlarına keçmişdə olduğu kimi, bu gün də layiqli cavabı verir və verəcək. Düşmənin çirkin planları əzəli torpaqlarımıza qayıdışımızın qarşısına əsla kəsə bilməyəcək.

N.ETİBAROĞLU,

"Respublika".