Həmvətənlərimizin milli-mənəvi birliyi təmin olunmuşdur
Diaspora

Həmvətənlərimizin milli-mənəvi birliyi təmin olunmuşdur

Dünya Azərbaycanlıları

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasətinin başlıca qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir.

Ötən dövrdə bu strategiyanın həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmış, həmvətənlərimizin təşkilatlanması, azərbaycançılıq ideologiyasının gerçəkləşdirilməsi üçün bir çox problemlərin həllinə nail olunmuşdur.

Milli həmrəylik tarixi Vətənin maraqlarından doğan zərurətdir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan tarixi zərurət kimi qiymətləndirir. Azərbaycançılıq dünya azərbaycanlılarının, bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir.

Fəxrlə demək olar ki, bu gün dost Ukraynanın Dnepropetrovski vilayətinin Novomoskovski Azərbaycanlılar Konqresindəki soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər.

Konqresin sədri həmyerlimiz, əslən Azərbaycanın Ağdam rayonundan olan Şikar Hüseynovdur.

Biz onunla söhbət edərkən o, diaspor sahəsində görülən səmərəli işlərdən qürurla söhbət açdı. Qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşımız vurğuladı ki, milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq azərbaycanlıların Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də, Vətənə daha sıx bağlamağa imkan yaratmışdır.

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna uyğun olaraq xaricdə yaşayan azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət siyasətində mühüm işlər görülmüşdür.

Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı –dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin edilməsi, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zəruriliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ümummilli lider Heydər Əliyev mühüm sərəncam imzalamış və bu sərəncam möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir.

2001-ci ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycanın tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur.

Yüksək səviyyədə keçirilən bu mötəbər məclisə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi Vətən qarşısında hesabatlarla çıxış etmişlər. Bu qurultay azərbaycanlıların həmrəyliyinin, birliyinin yaradılması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir. Qurultayda ulu öndər Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Qeyd etmək lazımdır ki, Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II, III və IV qurultaylarından sonra həmvətənlərimiz mütəşəkkil qüvvəyə çevrilmiş və vahid ideya ətrafında birləşmişlər. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində diaspor quruculuğu sahəsində uğurlu nəticələrə imza atılır, Azərbaycan diasporu mütəşəkkil qüvvəyə çevrilir, xalqımızın mənəvi birliyi, Azərbaycançılıq ideyaları öz parlaq təcəssümünü tapır.

Dnepropetrovski vilayətinin Novomoskovski şəhərində yaşayan azərbaycanlılar azsaylı xalqlar arasında fərqlənir, həmrəylik ideyasının reallaşmasına maksimum səy göstərir, keçirilən müxtəlif tədbirlər prioritet məsələlərin həllinə yönəldilir.

Şikar Hüseynov sözünə davam edərək bildirdi ki, Azərbaycanlılar Konqresinin təşəbbüsü ilə mütəmadi olaraq 20 Yanvar faciəsi, Mart qırğını, Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir. Həmin mərasimlərdə Sovet ordusunun 1990-cı ildə Bakıda qırğınlar törətməsindən, ermənipərəst Mixail Qorbaçovun satqınlığından, ermənilərin Xocalıdakı vandalizm hərəkətlərindən, günahsız insanların amansızlıqla qətlə yetirilməsindən söhbət açılır. Sənədli filmlər nümayiş etdirilir.

30 ilə yaxın idi ki, ərazilərimizin 20 faizindən çoxu faşist xislətli ermənilərin işğalı altında idi. 2020-ci il sentyabrın 27-də erməni daşnaklarının yenidən atəşkəsi pozaraq hücuma keçməsi Azərbaycanın səbir kasasını daşdırdı və rəşadətli ordumuz düşmənə qarşı əks-hücuma keçdi və Vətən müharibəsi başlandı.

Azərbaycan ordusunun qüdrəti, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində mübariz əsgərlərimiz müharibənin hər gününü zəfərlə başa vurdu, cəmi 44 gün ərzində ərazilərimiz işğaldan azad olundu. Azərbaycanın hərb tarixinə qızıl səhifələr yazıldı.

Vətən müharibəsi günlərində Ukraynanın bütün bölgələrində olduğu kimi, Novomoskovski şəhərində yaşayan həmvətənlərimiz də Azərbaycan ordusuna dəstək göstərdilər, mitinqlər keçirildi. Azərbaycanın Silahlı Qüvvələrinin Fonduna vəsait köçürüldü.

Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi qürbətdə yaşayan azərbaycanlılar tərəfindən coşqu ilə qarşılandı.

Azərbaycanlılar Konqresinin təşəbbüsü, diaspor fəallarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi, Yeni il, Novruz bayramı, Milli Qurtuluş Günü, ulu öndərimiz Heydər Əliyevin doğum günü, Qurban bayramı, Respublika günü və digər milli bayramlarımızla bağlı yaddaqalan mərasimlər keçirilir. Tədbirlərə azsaylı xalqların nümayəndələri də dəvət olunur.

Yaxınlarda Novomoskovski şəhərində “Azərbaycan mədəniyyəti” adlı musiqili tədbir keçirilmişdir. Yüksək səviyyədə hazırlanmış bu tədbirdə diaspor fəalları, şəhərin meri, deputatlar, televiziya və mətbuat nümayəndələri iştirak edirdi.

Milli diasporumuzun təşəkkül tapmasında soydaşlarımızdan Elçin Tağıyev, İnqilab Vəliyev, gənclər birliyinin sədri Zaur Hüseynov və başqalarının səmərəli fəaliyyəti qeyd olunmalıdır.

Novomoskovskidəki Azərbaycan diasporu bu gün özünün inkişaf və təkamül dövrünü yaşayır, milli birliyin təməl prinsipləri qorunur, soydaşlarımız mütəşəkkil qüvvə kimi formalaşır, tarixi Vətənlə sıx əlaqələr qurulur.

Qədir ASLAN,
“Respublika”.