Ermənistanda itkin düşən əsgərlərin valideynləri Müdafiə Nazirliyinin binasına girişləri bağlayıb, qurumun əməkdaşlarını binadan buraxmayıblar. Uzun cəhdlərdən sonra nazirlik işçiləri əsgərlərin müşayiəti ilə binanı tərk edə bilsələr də, bu dəfə də valideynlərin qarğış və söyüşləri ilə üzləşiblər. İtkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sərkisyanı da döyüblər. Qısamüddətli də olsa rəsmi şəxsləri girov götürənlər məhz kimyəvi müdafiə bölməsindən olan hərbçilərin yaxınları olub. Həmin hərbçilər 44 günlük müharibə zamanı Zəngilan rayonuna göndəriliblər, amma daha sonra onlardan heç bir xəbər alınmayıb. Bu səbəbdən də əsgərlərin valideynləri əvvəlki aksiyada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Cəhdləri uğursuz olan ailələr bu dəfə müdafiə naziri Suren Papikyanla görüşmək istəyiblər. Bildiriblər ki, əgər nazir bu təklifi rədd etsə, daha radikal addımlar atılacaq. Siyasi şərhçi Amid Əliyev bildirir ki, Papikyanın əsgər yaxınları ilə görüşməsi real görünmür. Çünki Ermənistanın siyasi hakimiyyəti müharibə dövründəki həqiqi itkilər haqqında məlumatları ictimaiyyətə təqdim etməkdən qorxur:
- İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanda siyasi, sosial və iqtisadi sahələrdəki xaos davam edir. Belə ki, ötən günlər ərzində Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Müdafiə Nazirliyinin qarşısında müharibə dövründə itkin düşmüş şəxslərin valideynləri övladları haqqında düzgün məlumat verilməsini tələb etmişdilər. Lakin Müdafiə Nazirliyinin heç bir rəsmisi bu məlumatları həmin şəxslərin valideynlərinə verməmişdi. Qeyd etmək lazımdır ki, itkin düşmüş şəxslərin arasında sıravi əsgərlərlə yanaşı, zabit valideynləri də var. Çünki artıq bütün təbəqələrdən olan erməni vətəndaşları anlayırlar ki, İkinci Qarabağ müharibəsi onların vətən müharibəsi yox, Azərbaycana qarşı işğalçılıq, qəsbkarlıq müharibəsi idi. Amma Ermənistanın siyasi hakimiyyəti həm ölmüş və itkin düşmüş əsgərlərə, eləcə də onların valideynlərinə qarşı məsuliyyətsiz, etinasız münasibət göstərir. Bu da Ermənistanda vətəndaşların hüquq və azadlıqlarının pozulmasının bariz nümunəsidir. Digər tərəfdən, həm Ermənistanın siyasi hakimiyyəti, həm də hərbi elitası müharibədə itkin düşmüş şəxslər haqqında dəqiq məlumatları onların yaxınlarına bilərəkdən təqdim etmirlər. Xüsusilə qarşıdan gələn seçki ərəfəsində məğlub olmamaq üçün hərbi cinayətləri ört-basdır etməyə çalışırlar. Lakin bilmək lazımdır ki, sadə erməni xalqı övladlarının itkisi ilə heç bir zaman barışmayacaq. Ermənistan Müdafiə Nazirliyinin müharibədə əsir və itkin düşən əsgərlərlə bağlı məsələni birtərəfli qaydada həll etməsi də mümkün deyil. Aydın məsələdir ki, Ermənistan hökuməti sosial-iqtisadi böhranın öhdəsindən gələ bilmir. Əhali kütləvi şəkildə etiraz aksiyaları keçirir. Hər gün ölkə daxilində terror hadisələrinin baş verəcəyi haqda məlumatlar dolaşır. Paşinyan Administrasiyasının yeganə çıxış yolu isə Azərbaycanın şərtlərini qəbul edərək yeni əməkdaşlıq formatının yaradılmasıdır. Amma havadarlarına arxalanan İrəvanın sülh danışıqlarının intensivləşdiyi dövrdə təxribatlar törətməsi, reallıqdan uzaq bəyanatlar verməsi onu deməyə əsas verir ki, Ermənistanda hələ bir müddət hərbi-siyasi böhran hökm sürəcək.
Jalə QASIMZADƏ,
"Respublika".