HAQLI TƏLƏBLƏRİMİZ YERİNƏ YETİRİLMƏLİDİR
Digər xəbərlər

HAQLI TƏLƏBLƏRİMİZ YERİNƏ YETİRİLMƏLİDİR

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc aksiya davam edir. Etirazçılar yüksək vətənpərvərlik nümayiş etdirərək Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT), digər ictimai təşkilatların nümayəndələri və gənc könüllülərin iştirakı ilə dinc aksiya keçirilməkdədir. Bu aksiyanın məqsədi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilmiş Azərbaycan ərazilərində "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının istismarına son qoyulmasını tələb etməkdir. Bu məqsədlə azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər artıq 5 həftədən çoxdur ki, Laçın-Xankəndi yolunda dinc aksiya keçirməklə müxtəlif şüarlar səsləndirir. Əsasən "Azərbaycan ərazilərində ekosidə yox" adlı şüarlar səslənir ki, bu da təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulması tələbi və Rusiya sülhməramlı kontingentinin bu ərazilərdə Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən monitorinq keçirilməsinə şərait yaratması ilə əlaqədardır. Belə ki, dekabr ayının ilk günlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və digər qurumların əməkdaşları Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə monitorinq keçirmək üçün ərazilərdə olmuş, lakin bu, mümkün olmamışdur. Ekofəallar Rusiya sülhməramlı kontingentindən monitorinqin keçirilməsinə müvafiq şərait yaratmağı tələb edirlər.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz müstəqil ekoloq və ictimai fəallar olaraq mübarizəmizi nəticə əldə olunanadək davam etdirəcəyik.

Bəli, bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. 30 illik işğala son qoyan ölkədir. Bu gün ekofəallara o soyuqda, şaxtada mərdliklə dayanmağa güc verən də dövlətimizin qüdrəti, onun liderinin dünyada artan nüfuzudur. Çünki bizi hər zaman qorumağa hazır, qadir olan Ordumuz var. Biz dövlət başçımızın qətiyyətinə, müdrikliyinə güvənirik. İnanırıq ki, bu aksiya öz müsbət nəticəsini verəcək. Bütün dünya Azərbaycanın sivil bir dövlət olduğunun bir daha şahidi olacaq.

Amin MƏMMƏDOV,

 Ekologiya və Təbii Sərvətlər

Nazirliyi yanında İctimai Şuranın sədri,

aksiya iştirakçısı.