Hakimliyə namizədlərlə test imtahanında uğur qazanmış 109 nəfər müsabiqənin növbəti mərhələsinə buraxılıb
Digər xəbərlər

Hakimliyə namizədlərlə test imtahanında uğur qazanmış 109 nəfər müsabiqənin növbəti mərhələsinə buraxılıb

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Fərmana uyğun olaraq hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyalar tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, ötən dövrdə xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə keçirilmiş müsabiqələrdə 1200-dək hüquqşünas iştirak edib. Müsabiqələrin bütün mərhələlərini, habelə yarımillik tədris kurslarını və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 44 nəfər hakimliyə namizəd ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 140-dək namizəd isə hazırda müsabiqənin müxtəlif, o cümlədən sonuncu mərhələsindədir.

İyunun 8-də 200-dək hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 109 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz davam edir. Bununla əlaqədar hakim olmaq istəyən hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62. Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə.

AZƏRTAC