Hakimliyə namizədlərlə test imtahanı noyabrın 5-də keçiriləcək
Digər xəbərlər

Hakimliyə namizədlərlə test imtahanı noyabrın 5-də keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 700-dək namizədlə müsabiqələr keçirilib, 44 nəfər dövlətimizin başçısının Sərəncamı ilə bu il də müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 125 nəfər müsabiqənin müxtəlif mərhələsindədir. Eyni zamanda, 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmin namizədlərlə test imtahanı bu il noyabrın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.

Həmçinin namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və "İmtahana buraxılış vərəqəsi"nin əldə olunması DİM tərəfindən oktyabrın 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcək. Müsabiqə ilə bağlı "Yaddaş Kitabçası" isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

AZƏRTAC