Hakimliyə namizədlər üçün ilkin tədris kursu başa çatıb
Digər xəbərlər

Hakimliyə namizədlər üçün ilkin tədris kursu başa çatıb

Hakimliyə namizədlər üçün test üsulu ilə keçirilən, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 41 nəfər üçün ilkin tədris kursu başa çatıb.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan yanvarın 15-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) təşkil olunacaq.

İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçiriləcək.

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə namizədlər mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər.

İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

AZƏRTAC