Hakimlərin Seçki Komitəsi 64 namizəd üçün şifahi imtahan keçirib
Digər xəbərlər

Hakimlərin Seçki Komitəsi 64 namizəd üçün şifahi imtahan keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib. Namizədlərin hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanların nəticəsinə görə 60 və daha çox bal toplamış 41 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər.

Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (ünvan: www.jlc.gov.az) yerləşdirilib.

AZƏRTAC