Hadrut Qarabağ iqtisadiyyatına öz töhfəsini verəcək
İQTİSADİYYAT

Hadrut Qarabağ iqtisadiyyatına öz töhfəsini verəcək

Qarabağın dağlıq hissəsinin qapısı olan Hadrutun işğaldan azad edilməsi hərbi nöqteyi-nəzərdən mühüm strateji əhəmiyyət daşıdığı kimi, bölgənin sosial-iqtisadi perspektivləri üçün də geniş imkanlar açıb. Tarixi ədalətin bərpa edilməsi ilə qəsəbənin və ətraf kəndlərin əsl sahiblərinin ixtiyarına keçməsi burada yeni həyatın başlanması deməkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günlərdə Xocavənd rayonu ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Hadrut uğrunda aparılan döyüş əməliyyatları barədə ətraflı danışıb, ordumuzun hünərini, əsgər və zabitlərimizin fədakarlığını yüksək dəyərləndirib. Dövlətimizin başçısı, eyni zamanda, bu yerlərdə aparılacaq bərpa və yenidənqurma işlərinin müjdəsini verib, təməlqoyma mərasimlərində iştirak edib.

Hadrut qəsəbəsində yeni məscidin, elektrik yarımstansiyasının təməlini qoyan, həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olan ölkə rəhbəri yerli ictimaiyyətin nümayəndələri ilə görüşdə deyib: "Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik". Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərin bərpası planlarının hazırlanmasına şəxsən nəzarət etməsi onun təkcə qüdrətli bir rəhbər kimi məsuliyyətli davranışının deyil, həm də doğma yurda qəlbən bağlılığının, tükənməz Vətən sevgisinin aydın təzahürüdür. Şuşada həyata keçirilən böyük quruculuq işləri, Ağdamın, Cəbrayılın geniş ictimaiyyətə artıq təqdim olunmuş bərpa planları, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına təkan verəcək layihələr də bu yerlərin cənnətməkana çevriləcəyi barədə dövlətimizin başçısının vədlərinin tezliklə gerçəkləşəcəyindən xəbər verir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, gözəl təbii şəraiti ilə seçilən Hadrutda və ətrafındakı kəndlərdə də, ilk növbədə yol-nəqliyyat infrastrukturunun bərpası və yenilənməsi diqqət mərkəzindədir. Məlum olduğu kimi, mədəniyyət paytaxtımız Şuşaya gediş-gəlişi xeyli asanlaşdırmış "Zəfər yolu"nun bir hissəsi qəhrəman hərbçilərimizin qalibiyyət yürüşü üçün Vətən müharibəsi zamanı Hadrut meşələrindən saldıqları yoldan keçir. Hazırda isə qəsəbəyə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan 39,7 kilometr uzunluğunda, dörd hərəkət zolaqlı, birinci texniki dərəcəyə uyğun yol çəkilir. Füzuli-Hadrut avtomobil yolu isə başlanğıcını "Zəfər yolu"ndan götürür: 13 kilometr uzunluğundakı bu yol da birinci texniki dərəcəli, dörd hərəkət zolaqlı olacaq. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir.

Hadrutun su təchizatı sistemindəki problemlərin aradan qaldırılması qəsəbədə həyata keçirilən ilkin tədbirlərdən olub. Belə ki, qəsəbədəki beş su anbarında təftiş işləri aparılıb və su təchizatı sistemi istismara tam hazır vəziyyətə gətirilib.

Ermənilər sonradan gəldikləri və heç vaxt doğmalıq duyğusu ilə bağlanmadıqları bu ərazilərdə, necə deyərlər daşı daş üstünə qoymayıblar. Hadrutun yollarının, binalarının vəziyyəti burada insanların anormal şəraitdə, daha doğrusu, kütləvi səfalət içərisində yaşadıqlarından xəbər verir. Otuz il əvvəl buranı tərk etmək məcburiyyətində qalan yerli azərbaycanlılar yenidən ayaq basdıqları doğma yurdda ötən müddətdə heç bir dəyişikliyin baş vermədiyinin, hər yerin bərbad vəziyyətə düşdüyünün şahidi olublar. Xüsusən kəndlərdə vəziyyəti araşdıran inşaatçılarımız mövcud binaların 95 faizinin istismara yararsız olduğunu aşkarlayıblar. Xaricdəki zəngin ermənilərin, çoxsaylı diasporun yığıb göndərdikləri külli məbləğdə vəsaiti isə Ermənistanın oğru xislətli rəhbərliyi öz şəxsi maraqlarına sərf edib.

Prezident İlham Əliyev Hadrutda müşahidə olunan səliqəsizliyin ciddi narahatlıq doğurduğunu vurğulayaraq, tarixi hissəsi yenidən qurulacaq qəsəbənin beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevriləcəyini bildirib. Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda, iqtisadi, o cümlədən kənd təsərrüfatı potensialı ilə diqqəti cəlb edir. Burada heyvandarlığın, bağçılığın, bostançılığın, hətta taxılçılığın inkişafı üçün əlverişli coğrafi şərait və təbii resurslar vardır. Mütəxəssislərin qənaətinə görə, yeni yol infrastrukturu Hadrut qəsəbəsinin iqtisadi imkanlarının və məhsullarının daha geniş bazarlara çıxarılmasını təmin edəcək ki, bu da onun potensial baxımdan Qarabağ iqtisadiyyatına öz töhfəsini verməsinə şərait yaradacaq.

Möhtərəm RƏCƏBOVA,

"Respublika".