Gürcüstanlı jurnalistlər və blogerlərə erməni qəsbkarlarının Şuşada törətdikləri vandalizm barədə ətraflı məlumat verilib
Digər xəbərlər

Gürcüstanlı jurnalistlər və blogerlərə erməni qəsbkarlarının Şuşada törətdikləri vandalizm barədə ətraflı məlumat verilib

Azərbaycana səfər edən bir qrup gürcüstanlı media nümayəndəsi və blogerlər işğaldan azad edilən Şuşada olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar mərkəzi meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Karvansara, Saatlı məscidi, Natəvanın ev kompleksi, Xan qızı bulağı, Qala divarları, Pənahəli xanın sarayının qalıqları olan ərazi, Bülbülün ev-muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsində olub, həmçinin Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.

Qonaqlar Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla da görüşüblər. Xarici jurnalistlərə erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdikləri vandalizm barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər tərəfindən Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı talan və terror siyasəti yürüdülüb. Gürcüstanlı jurnalistlər və blogerlər ermənilərin cansız heykəlləri də gülləbarana tutduqları, Azərbaycana aid məzarları dağıtdıqları, məscidləri təhqir etdikləri, muzeyləri, kitabxanaları talana məruz qoyduqları haqda məlumatlandırılıblar.

Vurğulanıb ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılırdı.

Otuz ilə yaxın işğal altında qalan Şuşa 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildi. İndi azad olunan torpaqlarda, o cümlədən Şuşada tikinti-quruculuq işləri geniş vüsət alıb.

Qeyd edək ki, gürcüstanlı jurnalistlər ötən gün Cəbrayıl və Füzuli rayonlarında da olublar.

AZƏRTAC