Gürcüstanlı jurnalistlər və blogerlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış olublar
Digər xəbərlər

Gürcüstanlı jurnalistlər və blogerlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış olublar

Azərbaycana səfər edən bir qrup gürcüstanlı media nümayəndəsi və blogerlər Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət səhnələri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi 19 nəfərdən ibarət nümayəndə heyətini ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə zonasından kənarda yerləşən Gəncənin Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı dövlətin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da onlarla mülki şəxs həlak olub və yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Mülki  vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Səfərdə iştirak edən gürcüstanlı jurnalist Maryam Latabidze AZƏRTAC-a müsahibəsində gördüklərindən dəhşətə gəldiyini deyib: “Mülki insanlara qarşı bu cür vəhşiliklər böyük faciədir. Azərbaycan sonda zəfər qazandı və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda böyük addım atdı. Həlak olan bütün dinc sakinlərə Allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, gürcüstanlı jurnalistlər ötən gün işğaldan azad edilən Şuşa şəhərində olublar.

AZƏRTAC