Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı videoformatda çıxışına geniş yer verib
Siyasət

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı videoformatda çıxışına geniş yer verib

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda çıxışına geniş yer verib.

AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsinə malik "report.ge", "24news.ge", "aktual.ge" portalları oxuculara Prezident İlham Əliyevin çıxışından Azərbaycan, rus, gürcü, ingilis dillərində materiallar təqdim ediblər.

Azərbaycan Prezidentinin çıxışından hazırlanan materiallarda dövlətimizin başçısının Ermənistanın təqribən 30 il ərzində ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlamasını ifadə etməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirib. 1275 azərbaycanlı əsir götürülüb, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Eyni zamanda, qeyd olunub ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yolla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb.

Xəbərlərdə Prezident İlham Əliyevin çıxışından gətirilən sitat oxucuların diqqətinə çatdırılıb: "Azərbaycan Cənubi Qafqazda hər kəsin nəzərə alması lazım olan yeni bir reallıq yaratdı".

Bundan başqa, Prezident İlham Əliyevin çıxışında COVID-19 pandemiyası ilə bağlı fikirlərinə də yer verilib. Bildirilib ki, cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır. Bu barədə dövlətimizin başçısının çıxışındakı aşağıdakı məqam oxuculara təqdim olunub: "Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik".

AZƏRTAC