Güneyli soydaşlarımız deyir:
Güneydən səslər

Güneyli soydaşlarımız deyir: "Dövlət insafa gəlsin, ölürük…"

"Zəlzələ o qədər dəhşətli idi ki, səlahiyyətlilər öz həyatları təhlükə altına düşər deyə bizə kömək etməyə gəlmədilər. Biz çox ağladıq, dedik ki, çadırlara ehtiyacımız var, burada vəziyyət dəhşətlidir, Allah xatirinə bizə qayğı göstərin. Amma məmurların harada olduğu bəlli deyil. Vəziyyətimiz dəhşətlidir, çox acıq".

Bu sözləri Xoy zəlzələsindən ən çox əziyyət çəkən Zaviyə kəndinin sakini Həsən Xan deyir. Həmsöhbət olduğumuz güneyli soydaşımız bildirir ki, Zaviyə kəndindən xeyli yaralı var, ölənlərdən biri də onların kəndindəndir. Lakin dövlət yardım etmədiyindən xəsarət alanların vəziyyəti gündən-günə daha da pisləşir: "Elə gün olur ətrafdakı sakinlər yaralıların iniltilərindən yata bilmirlər. Səsdən yox, çarəsizlikdən... Bizim çörəyimiz, yorğanımız, heç nəyimiz yoxdur. 150 çadır aldıq, amma nə fayda?! 400 ailə çadırsız qalıb. Bir-birimizə dəstək olmaqdan başqa əlimizdən heç nə gəlmir. Dua edirik ki, kimsə bizi də yadına salsın, dövlət insafa gəlsin, atanı balanın qarşısında aciz qoymasın. Amma çətin…".

Lakin heç çadır tapanların da vəziyyəti yaxşı deyil. Hazırda ailəsi ilə birgə çətin günlər yaşayan Behzad Xanalılı söyləyir ki, evsiz qalanların yerləşdirildiyi çadırlar soyuq hava şəraitinə uyğun deyil. Yoxluqdan iki-üç ailə bir çadırın altına giriblər. Amma çadırlar da yay üçündür, çox nazikdir. Xoyun soyuq havasında -5 dərəcə şaxtada burada yatmaq mümkün deyil. Bu halda insanlar köhnə isidicilərə üz tutur ki, bu da olduqca təhlükəlidir. Çünki hadisədən heç bir həftə keçməmiş, fevralın 4-də qeyri-standart istilik cihazlarından istifadə səbəbindən təcili yaşayış çadırlarında yanğın baş verib. Ümumilikdə, indiyədək belə istilik cihazlarından istifadə səbəbindən 140 nəfər qazdan zəhərlənib. Xəstəxanalarda isə yer və tibbi heyət olmadığı üçün xəstə qəbulundan imtina olunur.

Məlumdur ki, dövlət Xoy sakinlərini taleyin ümidinə buraxıb. Halbuki Xoyun hava limanı var və qışa uyğun çadırlar rahatlıqla 24 saat ərzində bölgəyə çatdırıla bilərdi. Lakin düşünülmüş şəkildə heç bir tədbir görülmədi. Fars rejiminin Xoy zəlzələsində zərərçəkənlərə kömək etməməsi bir yana, Türkiyə və Azərbaycanın yardım təkliflərini də rədd etmişdir. Görünür, molla rejimi qorxur. Əslində, qorxaqlıqlarını zəlzələ olan gün də göstərmişdilər. Güneyli soydaşlarımız deyir ki, təbii fəlakətdən dərhal sonra hökumət orqanları əraziyə iğtişaşlara qarşı canlı qüvvə və texnika göndərib və bunu belə əsaslandırıblar ki, guya zəlzələ baş verən ərazilər təhlükəsizlik zonaları hesab olunur və müstəqil yardım göstərmək üçün əraziyə könüllü gələn hər kəs həbs ediləcək.

İran hakimiyyəti onsuz da ölkədə narazılıqların pik həddə çatdığı bir vaxtda Xoyda da iğtişaşların baş verəcəyindən ehtiyatlanır. Adının açıq paylaşılmasını istəməyən digər bir güneyli soydaşımızın sözlərinə görə, teokratik rejimin narahatlığı o həddə çatıb ki, çadır götürmək üçün toplaşan insanlara belə zor işlədiblər: "Çadır götürmək üçün toplaşan insanları su şırnağı ilə dağıdırlar. Bizə yardım göndərilməsinə də öz qorxularından icazə vermirlər. Düşünürlər ki, türklərlə birləşərik, ona görə də soydaşlarımızın yardım təkliflərindən imtina edirlər".

Cənubi azərbaycanlılar dünyaya səslərini çatdıra bilmədiklərindən də gileylənirlər. Çünki dünyanı baş verənlərdən xəbərdar edənlər yalan yaymaqda ittiham edilir, şallaqla cəzalandırılırlar. Lakin İran fərqində deyil ki, bu addımları ilə öz sonunu yaxınlaşdırır. Proses belə davam edərsə, azərbaycanlıların İranı bürüyən etiraz dalğası sonda Güney Azərbaycanın molla rejimindən qopması ilə nəticələnə bilər. İranda yaşayan 30 milyondan çox azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq prinsiplərə uyğun olaraq öz müqəddəratını təyinetmə hüquqlarından istifadə etməyə məcbur qalacaqlar.

Qeyd edək ki, yanvarın 28-i və 29-da Cənubi azərbaycanlıların məskunlaşdığı Xoy şəhərində 5,4 və 5,9 bal gücündə iki zəlzələ baş vermiş, ardınca 25 afterşok qeydə alınmışdır. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər ölmüş, yaralananların sayı 1000-i keçmişdir. Zəlzələ səbəbindən 10 minə yaxın ev dağılmış və yararsız vəziyyətə düşmüşdür.

Jalə QASIMZADƏ,

"Respublika".