Güneydə yaşayan soydaşlarımız millətimizin bir parçasıdır
Güneydən səslər

Güneydə yaşayan soydaşlarımız millətimizin bir parçasıdır

Prezident İlham Əliyev: İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik

"Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç vaxt hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik...".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Dövlət başçısı, həmçinin: "Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq", - deyə vurğulayıb.

Vətən müharibəsində dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüşlər təşkil edirdilər. Həmin günlərdə İranda da belə bir yürüş təşkil olunmuşdu. Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildirən soydaşlarımız əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək" sözləri yazılmış plakatlarla yürüşə çıxmışdılar. Təəssüf ki, Güney Azərbaycanda dəstək mitinqlərində iştirak edənlər arasında həbs edilənlər də olmuşdu...

Son vaxtlar Cənubda yaşayan soydaşlarımız aksiyalara başlayıb. Təbriz, Ərdəbil və digər şəhərlərin mərkəzi küçələrinə Prezident İlham Əliyevin fotosu olan posterlər vuraraq Azərbaycana dəstək nümayiş etdiriblər. Fotonun üzərində "Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident" yazısı qeyd olunurdu. Diqqətçəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub. Politoloqlar bu aksiyaların heç də təsadüfi olmadığını qeyd edirlər. Çünki dünya azərbaycanlılarının bir Vətəni var, o da Azərbaycandır.

Cənublu qardaşlarımız Azərbaycanı öz Vətəni, İlham Əliyevi öz liderləri kimi qəbul edir, onunla qürur duyurlar. Çünki dövlət başçısı İlham Əliyev dünya azərbaycanlıları üçün çox uğurlu liderdir. O, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edən müzəffər liderdir və ölkəsini inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaqdadır. Müasir beynəlxalq siyasət sistemində Azərbaycanın rolu da məhz onun tərəfindən təmin edilir. Dünya səviyyəsində hörmət və ehtiram qazanıb. Azərbaycanı tək regional yox, həm də qlobal təhlükəsizlik üçün təşəbbüslər göstərən və bu yolda əsas rol oynayan dövlətə çevirməyə nail olub. Elə bu baxımdan Prezidentin posterlərinin vurulması təsadüfi deyil, təbii haldır.

Vətən müharibəsi zamanı sərhəd boyunca Azərbaycan əsgərinə dəstək süarları səsləndirən soydaşlarımız təbii olaraq son vaxtlar yaşanan gərginlik fonunda ana vətənlərinin yanında olduqlarını, Azərbaycana qarşı yönəlmiş ədalətsiz mövqeyə qarşı çıxdıqlarını çəkinmədən nümayiş etdiriblər.

Elə Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili də ölkəmizə dəstəyini ifadə edərək deyib: "Biz Güney azərbaycanlılar olaraq Azərbaycan dövlətinin hər zaman yanındayıq və bundan sonra dəstək verməyə hazırıq. Qarabağ məsələsi Güney və Quzeyin heç ayrılmadığını göstərir. İran rejimi çalışsa da, Cənub və Şimalı ayıra bilməyəcək, bunu çox yaxşı bilirlər. İranda öz sözümüzü deməyə qadirik. Bir millətin özünü idarə edə biləcək bütün xüsusiyyətlər bizdə var".

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə görüşündə çıxışı kifayət qədər diqqətçəkən məqamlarla yadda qalıb. Dövlət başçısının türk dövlət başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etməsi daha çox diqqəti cəlb etdi. Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini vurğulaması əslində, digər türk dövlət başçılarının da Qarabağa, həmçinin Şərqi Zəngəzura rahatlıqla gələ biləcəklərinə mesaj idi.

Zirvə görüşündə Prezident İlham Əliyev Cənubi Azərbaycanla bağlı konkret mesajlar vermişdi. Ölkə başçısı, ilk növbədə qeyd etmişdi ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Təbii ki, ölkə başçısı "40 milyon azərbaycanlı" deyərkən konkret İrandakı Cənubi azərbaycanlıları nəzərdə tuturdu. Həqiqətən, faktiki olaraq 40 milyon Cənubi azərbaycanlı bu gün öz ana dilində təhsil ala bilmir. Halbuki, İran Konstitusiyasının 15-ci və 19-cu maddələrinə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbi var. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə həbs edir, işgəncələr verir. İkincisi, Prezident deyib ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik.

Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza "yanınızdayıq" - mesajıdır. Dövlət başçısı bütün dünyada olan türk toplumlarının hüquqlarının qorunmasını da əsas gətirərək deyib ki, söhbət müstəqil dövlətləri olmayan türk toplumlarından gedir. Soydaşlarımızın assimilyasiya oluna bilməsi ilə də bağlı həyəcan təbili çalan Prezident İlham Əliyev burada ən çox payın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza düşdüyünü bildirib. Çünki yaşadıqları ölkədə milli çoxluq olsalar da hüquqları tapdanır.

Ekspertlərin fikrincə, İranda fars hakimiyyəti qurulandan onlar Şimali Azərbaycanın müstəqilliyini, güclü iqtisadiyyatı, ordusu olan bir dövlətə çevrilməsini istəməyiblər. Bu, İran rejiminin həmişə qorxulu röyası olub. Ona görə də, onlar Azərbaycanda ən neqativ prosesləri dəstəkləməkdədirlər, həmişə anti-Azərbaycan qüvvələrinin yanında yer alırlar və Ermənistanın Azərbaycana hərbi təcavüzünə dəstək veriblər. Onlar Azərbaycan ərazisində İslam dinini məzhəblərə bölünməsi, onların radikallaşması, Azərbaycanın bütövlüyünü pozmaq, bölmək kimi istiqamətlərdə hər zaman iş aparıblar. İndi də bu işi davam etdirirlər.

Azərbaycan və Türkiyənin getdikcə qüdrətlənən hərbi birliyi, Şuşa Bəyannaməsinin imzalanması, bir əsrdən artıq müddətdən sonra Türkiyə Cümhuriyyətinin yenidən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməsi, Azərbaycanla bir yerdə çıxış etməsi, Türk dünyasının güclənməsi və Azərbaycan-İsrail əlaqələrinin genişləndirilməsi İranın istəmədiyi faktorlardır.

Bütün bunlara rəğmən, Azərbaycan dövləti dünyaya səpələnmiş, eyni zamanda Güneydə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını təmin edəcək, çünki onların bir Vətəni var: Azərbaycan!

Zümrüd QURBANQIZI,

"Respublika".