Günərzi qayğı mərkəzlərində 700-dən çox uşağa sosial xidmət göstərilib
Sosial həyat

Günərzi qayğı mərkəzlərində 700-dən çox uşağa sosial xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə 2021-ci ilin sentyabr ayından icra olunan layihələr üzrə  yaradılmış günərzi qayğı mərkəzlərinə 700-dən çox uşaq cəlb olunub.  Layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həssas qruplardan olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, günərzi mərkəzlər 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulub. Həmin mərkəzlərdə 3-12 yaş arası uşaqlara sosial-psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilib.

"Respublika".

 

 

Yeni Sosial Xidmət  Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Agentliyin sədri Vüqar Behbudov bildirib ki, Sosial Xidmət Mərkəzinin yaradılmasında məqsəd əhaliyə göstərilən sosial xidmətin səmərəliliyini artırmaqdır. Mərkəz Sosial Xidmətlər Agentliyinin 8 saylı filialının yerləşdiyi Abşeron rayonu üzrə fəaliyyət göstərəcək və ilk mərhələdə sağlamlıq imkanları məhdud uşaqları ilkin sosial reabilitasiya xidməti ilə təmin edəcək.

Qeyd olunub ki, burada həmçinin beynəlxalq təcrübəni əsas götürərək sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün sosial-psixoloji yardım xidməti də təşkil ediləcək. Mərkəzdə uşaqların inkişaf səviyyəsi qiymətləndiriləcək, sosial-reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb ediləcəklər. Uşaqlarla yanaşı, onların valideynləri də diqqət mərkəzində olacaq. Belə ki, psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunacaq, valideyn bacarıqlarının artırılması istiqamətində təlimlər keçəcəklər.

"Respublika".