Gülnur Aybet: UNESCO-dakı birgə layihəmizlə Azərbaycanla Türkiyə arasındakı qardaşlığı göstərdik
MÜSAHİBƏLƏR

Gülnur Aybet: UNESCO-dakı birgə layihəmizlə Azərbaycanla Türkiyə arasındakı qardaşlığı göstərdik

Azərbaycan və Türkiyənin UNESCO yanındakı daimi nümayəndəliklərinin sıx əməkdaşlığını əks etdirən birgə layihəmizi reallaşdırdıq. Hər iki ölkənin dəyərli sənətçilərinin birgə konsertini təşkil etdik.

Bu fikirləri Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Gülnur Aybet qurumun mənzil-qərargahında keçirilmiş Azərbaycan və Türkiyə sənətçilərinin birgə konsertindən sonra AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, iki qardaş ölkə arasında olduğu kimi UNESCO-dakı daimi nümayəndəliklər arasında da sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığı digər ölkələrə də göstərmək üçün birgə layihə hazırlanıb. "Mədəniyyət sahəsindəki birgə əməkdaşlığımızı iki ölkənin tanınmış sənətçilərinin birgə konsert proqramı ilə təqdim etdik. Murat Karahan (tenor) və Turan Manafzadə (pianoçu) beynəlxalq və milli klassik bəstəkarların, eləcə də milli xalq musiqilərimizi ifa etdilər. Möhtəşəm konsert oldu, UNESCO yanında akkreditə olmuş digər ölkələrin daimi nümayəndələri, diplomatlar sənətçilərimizin performansını çox bəyəndilər və alqışlarla qarşıladılar konserti çox sevdilər.

Bu konsertlə Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığı, qardaşlığı göstərdik, eləcə də beynəlxalq və regional musiqilərlə bərabər, öz milli musiqilərimizi təşviq etdik. Beləliklə, iki tanınmış musiqiçimizin vasitəsilə beynəlxalq musiqini və milli musiqimizi bir yerdə təqdim etdik.

AZƏRTAC