Gül rəngli daşların yeri sərt qayalardır...
Siyasət

Gül rəngli daşların yeri sərt qayalardır...

Bir şair məqbərəsi haqda düşündüklərim

Ümidim vardır kim, bu qara gün getməyə başə,

Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır.

Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında,

Məqami ləli-gülrəngin miyani-səngi-xaradır.

Şuşa, arzularımızın zirvəsi, Qarabağın mədəniyyət qalası, kimliyimizin, tarixi Zəfərimizin simvolu... Elə o üzdən də başı bəlalar çəkib Şuşanın. Dərdinə, möhnətinə özü kimi vüqarlı çiskini, dumanı əskik olmayan dağları şərik çıxıb. Həmişə məğrur duruşu ilə göz oxşayıb gözəl Şuşa!.. Tarixin hər səhifəsində izi, nəfəsi var Şuşanın. Uzaq yox, yaxın keçmişimizin salnaməsini vərəqləyirik. Təqvim 1982-ci il yanvar ayının 14-nü göstərir...

...O gün Şuşaya lopa-lopa qar yağırdı. Haradan bilirik? Tarixin yaddaşı söyləyir. Hə, həmin gün təbiət özü cuşa gəlmişdi, qışın oğlan çağı idi, axı. Hava həddindən artıq soyuq idi, Şuşanın zirvəyə qalxan yolları da buz bağlamışdı. Ancaq buna baxmayaraq, ulu öndər Heydər Əliyevin Şuşaya gələcəyini əvvəlcədən eşidən şuşalılar, eləcə də Qarabağın ətraf bölgələrindən insanlar küçələrə axışaraq dahi rəhbəri qarşılamağa çıxmışdılar. Həmin gün Molla Pənah Vaqifin şəhərin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə tikilmiş möhtəşəm abidəsinin təntənəli açılışı keçirilirdi...

Hələ 1967-ci ildə Şuşada olarkən ulu öndər görkəmli dövlət xadimi, şair Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdi. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət etmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev Qarabağın, xüsusən də Şuşanın inkişafına böyük diqqət yetirmiş, bu qala şəhərdə möhtəşəm quruculuq işləri həyata keçirilmişdi. Sonralar dəfələrlə öz nitqlərində bu məzarın Vaqifə layiq olmadığını səsləndirmiş və Molla Pənah Vaqifin məzarı üstündə məqbərənin tikilməsinə nail olmuşdu.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.Salamzadə və E.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanmışdı. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə, şairin məzarı üstündə inşa edildi. Burada şairin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

1982-ci il yanvarın 14-də havanın soyuq olmasına baxmayaraq, açılış mərasiminə çoxlu sayda insan gəlmişdi. Şairə hörmət, ürəklərdəki sevgi hərarəti artırmışdı, quşbaşı yağan qar sanki yaz çiçəkləri kimi səpələnirdi. Ətrafa yayılan xoş, doğma melodiya insanı xəyal qanadlarında çəkib uzaqlara aparırdı. SSRİ Xalq artisti Lütfiyar İmanov Vaqifin "Durnalar" şeirinə Cahangir Cahangirovun bəstələdiyi mahnını oxuyurdu.

Qeyd edək ki, mahnı 1942-ci ildə bəstələnmişdi. Və 1982-ci ildə ifasından sonra Lütfiyar İmanovun repertuarından düşməmişdi.

İştirakçıların gurultulu alqışları ilə Heydər Əliyev, Süleyman Rüstəm və Mirzə İbrahimov lenti kəsdilər. Vaqifin məqbərəsi açıq elan edildi. Məqbərənin önünə əklillər, gül dəstələri qoyuldu.

 Vaqif öz şeirlərinin birində Şuşanın sıldırım dağlarına vurulduğunu söyləmişdi. Elə onun cənazəsi də qayalı bir təpənin üstündə dəfn edilmişdi. Şairin əzəmətli məqbərəsi də orada ucalmışdı. Məqbərə dördtilli qüllə şəklində tikilmiş, divarlara bayır tərəfdən çəhrayı və içəri tərəfdən ağ Qarabağ mərmərindən üz çəkilmişdi. Pəncərələrin şəbəkə şəklində olan barmaqlıqları arasından işıq süzülürdü. İçəridə mərkəzdə qara mərmərdən yonulmuş sarkofaq, giriş qapısı ilə üzbəüz səmtdə Vaqifin ağ mərmərdən yonulmuş büstü qoyulmuşdu. Həmin gündən məqbərə qədim və cavan Şuşanın simasının ayrılmaz hissəsinə çevrildi.

O gün tədbir tədbirə, şənlik şənliyə qarışmışdı. Ulu öndər və digər qonaqlar Vaqif Poeziya evinin açılışını etdilər. Burada hər şey qədim şairlər məclisini xatırladırdı. Vaxtilə Vaqifin şeirləri də belə məclislərdə səslənmiş, Şuşanın daha bir şanlı sakini - Xurşidbanu Natəvan öz rübailərini belə məclislərdə oxumuşdu. Kiçik taxta kətillərin üzərinə açıq şeir kitabları qoyulmuşdu, onların səhifələrini şamdanlarda yanan şamların sarımtıl şölələri işıqlandırırdı. Döşəməyə xalça, palaz salınmış, mütəkkələr düzülmüş, küncdə böyük bir samovar pıqqıltı ilə qaynayır, çayçı qonaqlara ətirli, pürrəngi çay verirdi. O dövrün şairləri, "Qönçələr" adlanan Şuşa Şairlər Birliyinin üzvləri öz şeirlərini oxuyur, yarışırdılar... Şeir məclisinin qızışdığı bu arada Heydər Əliyev Poeziya evinə toplaşanlara müraciətlə dedi: "Əlamətdar haldır ki, Şuşada Vaqifin məqbərəsinin təntənəli surətdə açıldığı gün Poeziya evi də açılmışdır, gərək çalışasınız ki, bu da şəhərdə əsl poeziya mərkəzinə çevrilsin". Ulu öndər muzey ekspozisiyası ilə də tanış oldu.

Həmin gün XVIII əsrə aid əsaslı surətdə bərpa edilmiş binalardan birində rəsm qalereyası da açıldı. Üçmərtəbəli binanın salonlarında Azərbaycanın təsviri sənət ustalarının, o cümlədən Qarabağ rəssamlarının əsərləri nümayiş etdirilirdi. Heydər Əliyev sərgiyə də baxdıqdan sonra dedi ki, rəsm qalereyasının açılması, şübhəsiz, yaxşı təşəbbüsdür, şəhər sakinlərinin estetik tərbiyəsinə kömək edəcəkdir. Bununla birlikdə onun fondlarını yerli rəssamların əsərləri hesabına daha da zənginləşdirmək lazımdır. Bu, onları daha da həvəsləndirər.

Təəssüf ki, Şuşanın bu xoşbəxtliyinin ömrü çox qısa oldu, 1992-ci il mayın 8-də onun qara günləri başladı. Qala şəhərin əsr düşməsi vaxtilə Şuşada quruculuq işləri həyata keçirən, orada mədəniyyətimizin inkişafına böyük töhfə verən, ən əsası, tarixi şəhərimizdə erməni məkrinin rişələnməsinə imkan verməyərək azərbaycançılıq məfkurəsinin əsasını qoyan ulu öndər üçün böyük zərbə idi. Bu böyük siyasətçi bu qürur qalamızın, eləcə də işğal altında olan digər torpaqlarımızın azadlığına çalışırdı. Hər çıxışında, hər nitqində: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur", - deyirdi.

Onun bu arzusunu isə Prezident İlham Əliyev gerçəkləşdirdi, 2020-ci il noyabrın 8-də Şuşa 28 illik işğaldan azad edildi, ata vəsiyyəti yerinə yetirildi.

1982-ci il yanvarın 14-də Heydər Əliyevlə bərabər Şuşada olan Prezident İlham Əliyev düz 39 ildən sonra - 2021-ci il yanvarın 14-də təkrar Şuşaya səfər edərək illər əvvəl açılışı Heydər Əliyev tərəfindən keçirilən və işğal zamanı erməni vandalları tərəfindən dağıdılan Vaqifin tarixi məqbərəsinin bərpadan sonra qarşısında çıxış edərək o günləri belə xatırlamışdı: "...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlarda var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı". Bu gün Prezident İlham Əliyev Şuşanı tarixi əzəmətinə qovuşdurur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndərin amallarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irsimiz bərpa olunur. Eləcə də Şuşanın mədəni ənənələri özünə qaytarılır, artıq ikinci dəfə Şuşada baş tutan "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri bunun əyani təcəssümüdür.

Düşmən bu mədəniyyət şəhərində tarixi, dini, mədəni abidələrimizi məhv etsə də, Şuşadan Azərbaycan ruhunu silməyə müyəssər olmadı. Vaqifin dediyi kimi: qara günün ömrü az olur, bir gün ömrün bahar fəsli gəlir, həyatın rəngi dəyişir. Elə Şuşa da əbədi baharını yaşayır indi...

Zümrüd QURBANQIZI,

"Respublika".