Gücümüz birliyimizdədir
Siyasət

Gücümüz birliyimizdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixdə qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşü tarixi əhəmiyyət daşıyır. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamaqla iki dost və qardaş ölkə arasındakı bütün beynəlxalq sənədlərə, həmçinin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bununla da, Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qalxdı.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi xüsusi vurğulandı.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqlarımızın azad olunmasında, ərazi bütövlüyümüzün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirildi.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra prezidentlərin mətbuata birgə bəyanatlarla çıxışında cənab İlham Əliyev bildirdi ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.

...Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. ...Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. ...Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımızın Qarabağ Zəfərini təbrik edərək bildirdi ki, Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. ...Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik. ...Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. ...Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Tarixi Şuşa Bəyannaməsi xalqlarımız arasındakı müştərək dəyərlərə söykənən sıx əlaqələri daha da inkişaf etdirir, Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin genişləndirilməsinə hərtərəfli töhfə verir.

“Respublika”.