Güclü ordu dövlətin dayağıdır
Siyasət

Güclü ordu dövlətin dayağıdır

"Sülh istəyirsənsə, hərbə hazır ol!" - deyib müdriklərimiz. Bir il öncə başlayan Vətən savaşında qəhrəman oğullarımız canlarından, qanlarından keçərək halal haqqımızı özümüzə qaytardılar.

44 günlük müharibədə mənfur düşmənə və onun havadarlarına bir daha aydın oldu ki, Azərbaycan xalqı öz haqqını heç vaxt heç kimə verməz. Yağı düşmən onu da anladı ki, 30 il ərzində Azərbaycan xalqı qələbəyə olan inamını bir gün belə itirməyib. Vaxtı, məqamı çatdı, xalqımız dəmir yumruq kimi birləşib düşməni darmadağın etdi...

Hələ 2004-cü ildə Naxçıvana birinci səfərində Prezident İlham Əliyev demişdir: "Biz ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar yolu ilə bərpa olunacaqdır. Biz buna çalışacağıq və sülh danışıqlarına sadiqik. Ancaq, eyni zamanda Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Əgər biz görsək ki, danışıqların heç bir nəticəsi yoxdur, bütün vasitələrdən istifadə edib torpaqlarımızı azad edəcəyik. Bunu etmək üçün güclü ordu lazımdır, vətənpərvərlik ruhu lazımdır, xalqın birliyi, iradəsi lazımdır. Bunların da hamısı var".

Bəli, Azərbaycanın  mətin, yenilməz Ordusu var. Bu Ordunun mövcudluğu və şərəfli tarixi, inkişafı, möhkəmlənməsi ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli liderin Sovet dövründə milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətlərindən biri SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi, milli zabit kadrların hazırlanması idi. Azərbaycanın bugünkü zabit kadrlarının əsası o vaxt qoyulmuşdu. Milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi isə Azərbaycanda milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün mühüm əhəmiyyətə malik olan general Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması oldu. İxtisaslaşdırılmış bu hərbi məktəb Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynadı. Nəticədə Azərbaycan ordusunda peşəkar hərbçilərin sayı gündən-günə artdı.

Hər bir dövlət üçün güclü ordu onun müstəqilliyinin qorunub saxlanmasında vacib amillərdəndir. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə ordu quruculuğunda dönüş yarandı. Azərbaycanın iqtisadi potensialı gücləndikcə orduya ayrılan xərclər də artırdı. Bu illərdə orduya külli miqdarda pul xərclənərək Silahlı Qüvvələrimiz gücləndirildi, eyni zamanda modernləşdirildi.

Ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə başlayıb. Gündən-günə hərbi qüdrətini möhkəmləndirən, ən müasir silahlar və hərbi texnika ilə təchiz edilən Silahlı Qüvvələrimiz bu gün möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir.  Dünyanın ən güclü ordularının reytinqində yüksək yerdə qərarlaşan Azərbaycan Ordusunun arsenalında hərbi gücümüzün göstəricisi olan yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. Ölkə başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı milli ordumuzun bugünkü vəziyyəti barədə demişdir: "Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür".

MDB məkanında müasir tələblərə cavab verən müdafiə sənayesinə malik ölkələrdən biri olan Azərbaycan həm də ən müasir silahların ixracatçısıdır. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı döyüş sursatları ordumuzun potensialını daha da gücləndirir.

II Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların uğurla həyata keçirilməsində pilotsuz uçuş aparatlarının əvəzedilməz rolu olmuşdur. Bununla bərabər, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılaraq digər ordu növlərinin fəaliyyəti ilə uyğunlaşdırılması ordumuzun döyüşlərdə irəliləməsində böyük əhəmiyyət kəsb etmişdir. AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına çevirən sərhədçilər həmin uçuş aparatları ilə düşmənin hərbi hədəflərinə ağır zərbələr endirmiş, işğalçı düşmənin çoxlu sayda canlı qüvvə və zirehli texnikasını məhv etmiş, hava məkanında ordumuzun üstünlüyünü təmin etmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin apardığı uğurlu əməliyyatlar, Qələbəyə aparan döyüş yolu bu gün dünyanın aparıcı ölkələrində öyrənilir və hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bu müharibəni XXI əsrin müharibəsi adlandırırlar. Hərbi ekspertlər Azərbaycan ərazisində gedən döyüşlərdə havada uzun müddət dövrə vuran və bir hədəf tapdıqda üzərinə çırpılan kiçik döyüş sistemlərini texnoloji cəhətdən yeni bir inkişaf adlandırır və bu baxımdan Qarabağ savaşının öyrənilməsinin əhəmiyyətli olduğunu vurğulayırlar.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində misilsiz rəşadət göstərən, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik olan Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə dünya miqyasında ən güclü ordular sırasında yer tutan, ən müasir silahlarla, texnika ilə təchiz edilən Azərbaycan Ordusunun əsgər və zabitləri hər günü bir tarixə dönən Zəfər tariximizi yazdı. Azərbaycan müharibədə bacarığını, nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusu hər gün onlarla yaşayış məntəqəsini işğalçılardan azad edərək bir gün belə geri addım atmadan 30 il ərzində zəbt edilmiş torpaqları 44 gün ərzində yağı düşməndən azad etdi. Müzəffər Ordumuzun düşmənlə döyüş meydanında üz-üzə, göz-gözə savaşında Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan əsgərinin rəşadəti, şücaəti düşmənin müqavimətini qıraraq 30 illik həsrətimizə son qoydu. 44 günlük Vətən müharibəsində müasir hərbi-texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş və peşəkarlıqla tətbiqi nəticəsində düşmən məğlub edildi.

Pilotsuz uçuş aparatlarının - dronların, xüsusilə də "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatları vasitəsilə işğalçılara ağır zərbələr endirən milli ordumuz saysız-hesabsız düşmən hədəfini məhv etdi. DSX dronları ilə düşmənin zenit-raket qurğularının, tank və artilleriya sistemlərinin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, fəal hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynadı. Ordumuzun əsgər və zabitləri hərbi əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından uğurla istifadə edərək düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələrini məhv etdi. Lakin düşmənin bütün qüvvələrini, texnikasını darmadağın edən Silahlı Qüvvələrimizin əsgər və zabitləri müharibə dövründə mülki obyektləri, dinc əhalini atəşə tutmadı. Əksinə, humanitar dəhlizlər açıldı və ermənilər təhlükəsiz şəkildə münaqişə bölgəsini tərk etdilər. Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən həlak olan 30-a yaxın mülki şəxs isə erməni hərbçilərinə dəstək məqsədilə döyüş meydanında olan insanlardır.

Azərbaycanın ən müasir silahların alınması üçün müqavilələr imzaladığını və onların ölkəyə gətirildiyini dönə-dönə vurğulayan Prezident İlham Əliyev bildirib ki, "Azərbaycan öz ordusunu bundan sonra da gücləndirəcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq".

Bəli, qüdrətli ordu güclü dövlətin dayağıdır. Tarixən hər bir millət öz ordusuna güvənib, onu milli qüruru və fəxarət ünvanı sayıb. Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən, müstəqilliyini əbədi qoruyan, ərazi bütövlüyünü bərpa edən də onun ordusudur. 44 günlük Vətən müharibəsində Azərbaycan öz Qalib, Yenilməz Ordusu ilə bütün dünyaya səs saldı. Düşmən tapdağı altında olan yurd yerlərimiz Ordumuzun sayəsində azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Mehparə ƏLİYEVA,

 "Respublika".