Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
İQTİSADİYYAT

Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək

Mayın 31-də respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib. Aqrar Sığorta Fondundan verilən məlumata görə, ötən gün baş verən hadisələrlə bağlı 1651 Çağrı Mərkəzinə müraciətlərhələ də daxil olmaqdadır. Göyçay rayonunda güclü külək, fırtına xurma və alça bağlarına ziyan vurub. Yağan intensiv yağışlar Şəmkir, İsmayıllı, Ağcabədi, Cəlilabad və Xocavənddə meyvə bağlarına, arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nəticəsində zərər dəyib.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəymiş zərərlər ödəniləcək

“Respublika”.