Gözlə,  qayıdacağam...
Sosial həyat

Gözlə,  qayıdacağam...

Yaxşı bilirik ki, Vətən müharibəsindəki dəyərli və şərəfli qələbə igid oğulların qəhrəmanlığı sayəsində qazanılıb. Düşmənə ağır zərbələr vuran igidlərin vətənpərvərliyi dostlarımızı sevindirib, düşmənlərimizin gözünə ox kimi batıb. Azərbaycan zabiti və əsgəri hərb tariximizin ən şərəfli səhifəsini yazıb. Öz qanı ilə,  öz canı ilə, Vətənə hədsiz sevgisi və məhəbbətilə.

Vətən məhəbbətini alın yazısında, yarasını ürəyində, qisasını polad kimi əyilməz biləklərində, savaş gününü gözlərində yaşadan, doğulduğu torpağa bütün varlığı ilə  səcdə edən gənclərin qəhrəmanlığı Zəfər salnaməsini yaradıb. Onların  şərəfli həyatı və qəhrəmanlıq yolu tək bir həqiqətə söykənir: Azərbaycana xidmət etmək! Qəhrəman döyüşçülərimizi həm də canlı əfsanə adlandırmaq olar. Onların Qarabağ savaşında  göstərdikləri igidlik, cəsarət, şücaət müharibə tarixinin səhifələrinə böyük hərflərlə yazılıb.

Ən böyük həqiqət budur ki,  həmin gənclər Qalib Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu illərdə doğulub boya-başa çatıblar. Bu qeyrətli və cəsarətli oğullar İlham Əliyevin şanlı ordusudur. Onlar Ermənistanın 30 ildə uydurduğu mifi cəmi 44 günə yerlə-yeksan ediblər, işğal altında qalan torpaqlarımızın böyük əksəriyyətini azad edərək Qarabağı öz həqiqi sahiblərinə qaytarıblar.

Həmin igid gənclərdən biri də Samir Fərzəliyevdir. Samir 1996-cı il dekabrın 8-də məcburi köçkün ailəsində dünyaya göz açıb. Ermənistanın hərbi təcavüzü nəticəsində Samirin valideynləri Ağdam rayonunun Qiyaslı kəndindən didərgin düşüb. Ailənin üzləşdiyi çətinliklər, yurd həsrəti onun yaddaşında dərin iz buraxıb. Onları doğma yurddan perik salan düşmənə qarşı qəlbində nifrət və qisas hissi yaradıb.  

Vətən müharibəsi başlayan ilk gündən Samirin xidmət etdiyi “N” saylı hərbi hissə döyüşlərə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə cəsarət və igidlik nümayiş etdirib. Bir neçə düşmən əsgərini məhv edib. Ağdərə istiqamətində gedən döyüşlərdə də Samir komandirlərinin tapşırığını ləyaqətlə yerinə yetirib. 2020-ci il oktyabrın 15-də Samir qızğın döyüşlərin birində həlak olub. Canından artıq sevdiyi torpaq onu öz ağuşuna alıb. İndi torpaq şəhid oğullarına layla deyir, şəhid ruhları isə göylərə yüksəlib. Üçrəngli, al-qırmızı, ay-ulduzlu bayrağımızı yüksəldənlərin yeri əbədi ucalıqdır.

Şəhid Samir Fərzəliyevin ata-baba yurdu Qiyaslı kəndi işğaldan azad edilib. Düşmən bu kəndi də tar-mar edib, daşı daş üstündə qalmayıb. Qarı düşmən uzun illər ərzində bizim tarixi irsimizi silməyə çalışıb.  Amma buna nail ola bilməyib. Şəhid qardaşımız, ruhun şad olsun,  biz bu torpaqlara qayıtmışıq.  Qəhrəman xalq kimi,  müzəffər dövlət kimi.  Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Gözlə,  qayıdacağam demişdin. Özün qayıtmasan da, igidliyin, cəsarətin, şərəfli şəhid adın qayıdıb, doğmalarına, əzizlərinə təsəlli, böyük bir elə qürur, iftixar gətirib. Adın ürəklərdə əbədi yaşayacaq, çünki, dar gündə Vətən sizə oğul dedi!

Salman ALIOĞLU,

“Respublika”.