Gözəllik simvolu: kəlağayı
Digər xəbərlər

Gözəllik simvolu: kəlağayı

UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən IX sessiyasında bu milli sənətimiz dünya inciləri siyahısına daxil edilib

Respublikamızın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikmək bacarıqlarını sübut edirdi. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsusluğunın təsdiqidir. Buna əsaslanıb söylənilir ki, ipək məhsullarından hazırlanan qadın baş örtüyü - kəlağayı qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsidir.

Mədəniyyətimizin elə dəyərləri var ki, onlar bütün bəşəriyyət üçün əhəmiyyətlidir. Azərbaycan qadınının gözəllik simvollarından biri olan kəlağayı bu dəyərlərdən biridir. Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirməklə, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi sayılan milli baş örtüyü olan kəlağayının Azərbaycanda istehsalının tarixi qədimdir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərləri yüksəkkeyfiyyətli kəlağayılar hazırlayan şəhərlər sırasında olub. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı İsmayıllı rayonunun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.

Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının haşiyəsi, bəzən isə ortası basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Kəlağayılar hər zaman Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə gözəllik qatırdı.

Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz qidalanacaqdır. Yaşlı qadınlar kəlağayını çalma, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edərlər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərlər. Gəlin gətirilərkən onun başına ağ örpək örtmək, arabasının qabağına, ya da mindirildiyi atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq Azərbaycanın milli adətlərindən sayılır.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.

UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən IX sessiyasında Azərbaycan kəlağayı sənəti "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan qadınının milli baş örtüyü olan kəlağayı məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun müvafiq siyahısına salınıb. Komitənin keçirdiyi iclasda verilən bu qərar Azərbaycan kəlağayı sənətinin yaşadılmasına, yayılmasına, habelə dünyada tanıdılmasına böyük stimul verir. Məhz həmin gündən 26 noyabr - Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir.

Bu addımdan sonra isə ölkənin müxtəlif yerlərində də kəlağayı istehsalına başlanıb. Təbriz, Gəncə, Şamaxı, Şəki və Basqalda yüksəkkeyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.

Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapıb.

Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub. Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib.

Azərbaycan Kəlağayısı Gününün qeyd edilməsi böyük mədəni, etnoqrafik hadisə, xalqımıza məxsus milli dəyərin bəşəriyyətin qiymətli incilərindən biri kimi qorunmasıdır. Kəlağayı sənətinin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi çox vacibdir. Kəlağayıda Azərbaycanın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, folkloru yaşayır. Ölkəmizdə milli dəyərlərimizin qorunmasına isə yüksək diqqət və qayğı göstərilir.

Bəybala BƏYBALAYEV,

"Respublika".