Göz görə-görə qəzaya doğru...
Region

Göz görə-görə qəzaya doğru...

Hər şey bəzən adama yuxu kimi görünür; Şuşada “Xarıbülbül” festivalı keçirilir, Ağalıkənddə “Ağıllı kənd” tikilir, Kəlbəcərə köç gedir. Bəli, tarixi günlər yaşayırıq. Bu günlər üçün Müzəffər Ali Baş Komandana, şan-şöhrətli Azərbaycan əsgərinə dönə-dönə minnətdarlığımızı, razılığımızı, bildiririk.

Bir-birinin ardınca sevinc dolu xəbərlər eşitdiyimiz bu günlərdə təəssüf ki, kədər gətirən hadisələr baş verir.

Erməni vandalları işğalda saxladıqları yurd yerlərimizi xarabazara çevirməklə kifayətlənməyib, özləri dedikləri kimi maşın-maşın minaları torpaqlarımıza boşaldıblar. Yenə idbar əməllərini davam etdirmək niyyətindədirlər; oğurluq yolla sərhədi keçib mina basdırmağa fürsət axtarırlar. İki jurnalist dostumuzun bir nəfər məmur vətəndaşımızın öz vəzifə borclarını Kəlbəcərin güman gəlməyən ərazisində yerinə yetirərkən minaya düşüb həlak olması bir daha hamımızdan son dərəcə ehtiyatlı olmağı tələb edir.

Bir daha təəssüf ki, ehtiyatı əldən veririk. Keçən il noyabr ayının 28-də tarixi Qələbəmizdən keçən 18 gündən sonra işğaldan azad edilmiş Füzuli rayonu ərazisində tank əleyhinə mina partlayışından qəza hadisəsi baş verdi. Partlayış nəticəsində bir ailənin 5 nəfər üzvü həlak olmuşdu. Ailənin başçısı Şakir Hacıyevlə tanışlığımız var idi. Şakir müəllim vaxtı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini işləyibdir. Onunla görüşəndə ürəyimdən arzular keçirdi: “Kaş torpaqlarımız tezliklə azad oluna, Şakir müəllim kimi vətənpərvər insanlar öz yurd-yuvalarına qovuşa...”. Arzular bol, imkanlar zəif idi. Tanrıya min şükürlər olsun ki, imkanlar yarandı, qüdrətli sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun döyüş məharəti sayəsində doğma Qarabağ işğaldan azad olundu.

Hal-əhval tutduğum füzulililərdən eşitmişdim ki, Şakir müəllim daha əvvəlki vəzifədə işləmir. Vaxt tapanda, soraqlaşıb telefonunu öyrənib təbrik etmək, gözaydınlığı vermək fikrində idim. Min təəssüf ki, niyyətim həyata keçmədi. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində “Tayota” markalı maşının minaya düşüb partlaması, bir ailədən 5 nəfərin həlak olması xəbəri hamımızı sarsıtdı. Uzun illərin ayrılığına dözə bilməyib doğma kəndini ziyarət etmək istəyən Şakir müəllim görünür, ehtiyatlı olmaq barədə dönə-dönə deyilənləri qulaqardına vurması, faciə ilə nəticələndi. Şakir müəllimə onun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı veririk.

Faciələr əksər hallarda təsadüfdən, bilməməzlikdən baş verir. Amma minaaxtaranların, ərazidə qulluq fəaliyyəti göstərən polisin, qeyri-mənsəb sahiblərinin xəbərdarlığına məhəl qoymamaq göz görə-görə qəzaya doğru getməkdir. Səbirli, dözümlü olaq. Dövlət başçımız cənab İlham Əliyevin müdrik siyasəti sayəsində işğaldan azad olan torpaqlarımızın minalardan təmizlənməsi uğrunda geniş hərəkat başlamışdır. Ağdam rayonunda minalanmış ərazilərinin xəritəsinin düşmən tərəfdən alınması, qardaş ölkələrdən minaaxtaranların Qarabağa köməyə gəlməsi, digər işlər bizdə dərin inam yaradır ki, tezliklə bütün torpaqlar minalardan təmizlənəcək. Hazırda isə əhalidən yalnız yalnız qanunlara riayət etmək tələb olunur.

Tofiq HÜSEYN,

“Respublika”.