GÖYGÖLDƏ AQRAR SAHƏNİN İNKİŞAFI PRİORİTET MƏSƏLƏLƏRDƏNDİR
Region

GÖYGÖLDƏ AQRAR SAHƏNİN İNKİŞAFI PRİORİTET MƏSƏLƏLƏRDƏNDİR

Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi ölkədə  münbit şərait yaratmışdır. Əlbəttə ki, bu innovativ inkişaf bütün sahələrdə olduğu kimi, olduqca vacib aqrar sahə olan kənd təsərrüfatına və ərzaq məhsullarının istehsalının artmasına stimul vermişdir. Son illərdə aqrar sektorun inkişafı üçün atılan addımlar, aparılan məqsədyönlü islahatlar öz töhfələrini verməkdədir. İlbəil məhsuldarlığın artımı bunu deməyə əsas verir. Xüsusilə qeyd etmək lazımdır ki, bu məsələdə Kənd Təsərrüfatı idarələrinin rolu yetərincədir. Peşəkar mütəxəssislərin fədakar əməyi və fermerlərlə qurduğu düzgün iş öz bəhrəsini verir. Müsahibimiz Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təcrübəli mütəxəssis Elməddin Əhmədovla rayonun aqrar sahədəki vəziyyəti barədə həmsöhbət olduq. O qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub.Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Son  iki il ərzində aqrar sahədə olduqca əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində Kənd Təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi rayonda aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi mərkəz rolunu oynamaqdadır. Hazırda mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir.

Göygöl rayonunda 2022-ci ildə 6346,0 hektar taxıl sahəsindən 19479,1 ton rayon üzrə orta məhsuldarlıq 30,7 sent/ha olmaqla taxıl məhsulu toplanılmışdır. Rayonda fəaliyyət göstərən 1 dövlət və 6 özəl toxumçuluq təsərrüfatlarında 2022-ci ildə 3160,0 ton yüksəkkeyfiyyətli taxıl toxumu istehsal olunmuşdur. Bunun 1934,0 tonu buğda, 1226,0 tonu arpa toxumudur. Toxumçuluq təsərrüfatlarında istehsal olunan toxum rayon ərazisində fəaliyyət göstərən taxıl əkini ilə məşğul olan fermerlərin toxuma olan tələbatını (1540,0 ton) tam olaraq ödəyir.

Rayon ərazisində  meyvə və  yazlıq bitkilərin yığımı başa çatmaq üzrədir. Bu günə kimi 814,9 ha meyvə bağlarından 3249,9 ton, 139,3 ha giləmeyvə sahəsindən 262,8 ton, 719,7 ha üzüm bağından 3523,0 ton, 270,0 ha günəbaxan sahəsindən 488,5 ton, 389,0 ha kartof sahəsindən 3737,0 ton, 477,0 ha tərəvəz sahəsindən 5164.7 ton, 20,0 ha darı sahəsindən 32,8 ton məhsul yığılmışdır.

Rayon bu günə kimi payızlıq bitkilərin əkilməsi  üçün 6430,0 ha  şum qaldırılmış (nəzərdə tutulmuş sahənin 92,0 %-i) 2252,0 ha taxıl səpini aparılmışdır. Bunun 2060,0 ha buğda, 192,0 ha isə arpadır. Səpin əsasən dəmyə ərazilərdə aparılmışdır. Suvarılan ərazilərdə isə 258,0 ha səpin aparılmışdır.

Havaların quraq keçməsi ilə əlaqədar rayonun taxıl əkini sahələrini  suvarma suyu ilə təmin edən “Şəmkirçay” su anbarında, “Qoşqar”, “Kürəkçay” və “Gəncəçay” çaylarında kifayət qədər su ehtiyatı olmadığından Göygöl rayonunda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranmışdır.    

Belə ki, rayon ərazisində mövcud olan 219 ədəd subartezian quyusundan əkin sahələrinin suvarılmasında istifadə olunan 94 ədəd (49 ədəd bilavasitə, 45 ədədi isə həm kommunal, həm də suvarmada istifadə olunan) subartezian quyusu mövcud olmasına baxmayaraq, yeraltı suların səviyyəsinin aşağı düşməsi nəticəsində subartezian quyuları  tam gücü ilə işləmir və elektrik enerjisinə qoyulan limitin də az olması, eyni zamanda  “Şəmkirçay” su anbarından rayona çəkilmiş su kanalına verilməsi nəzərdə tutulan suvarma suyunun verilməməsi, Qoşqarçay, Gəncəçay və Kürəkçay su mənbələrində suyun həcminin illik normadan az olması da əkin sahələrinin suvarılmasında ciddi problemlər yaratmışdır. Bu sahədə qarşılaşdığımız çətinliklərin aradan qaldırılması məqsədilə yay aylarında həmin çaylardan axıb keçən sel sularının toplanaraq suvarmada istifadə olunması üçün sututarların yaradılması məqsədəmüvafiq olardı.

Göygöl rayonunda bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur.

Belə ki, heyvanların cins tərkibinin yaxşılaşdırılması, süni mayalanmanın daha da genişləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının və eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən heyvandarlıq məhsullarının istehsalçıları ilə mütəmadi görüşlər keçirilir və süni mayalanmanın əhəmiyyəti barədə  geniş  maarifləndirmə işləri aparılır.Vaxtaşırı  Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları rayonun Quşçu, Qarabulaq, Sarısu və Çaykənd və digər kəndlərdə fermerlərlə görüşlər keçirir. Görüşlərdə aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurduğu diqqətə çatdırırlar. Eyni zamanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin  aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək olduğunu birmənalı bildirirlər. Görüşlərdə  taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır, fermerlərin sualları ətraflı cavablandırılır, səsləndirilən təkliflər qeydə alınır. Rayon ərazisində olan təsərrüfatlara mütəmadi  baxış keçirilir. Səpin prosesi, məhsulun satışının təşkili, emal imkanları barədə fermerlərlə müzakirələr aparılır.  Kənd təsərrüfatı məhsulları istehsalçılarına xatırladılır ki, yalnız məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdən bol məhsul əldə olunur.

Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalanmanın əhəmiyyəti, heyvan xəstəlikləri haqqında mübarizə tədbirləri ilə bağlı fermerlərə məlumatlar verilir, onlar arasında maarifləndirici işlər aparılır.

Göygöl rayonunda   19217 baş  iribuynuzlu mal-qara, (o cümlədən 9631 baş ana mal) 121125 baş davar, 188563 baş  quşlar saxlanılır.  

 Rayonda 2022-ci ilin 9 ayı ərzində 2655,3 ton ət, 19589,3 ton süd, 8931 min ədəd yumurta və 177,5 ton yun istehsal olunmuşdur ki, bu da əvvəlki illərlə  müqayisədə xeyli artım olmasını göstərir.

Rayonda gənclərin aqrar sahəyə maraq dairəsinin daha da artırılması və onların bu prosesdə bilavasitə iştiraklarının təmin olunması üçün Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində mütəmadi olaraq Aqrar Könüllülərin   fəaliyyətləri təşkil olunur.  

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi rayonda aqrar sahənin inkişafı üçün qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da bütün  imkanlarını səfərbər edəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.