Göygöl rayonunda vətəndaşlara vaksinasiya olunmalarına dair saxta sənədlərin verilməsi ilə bağlı cinayət işi başlanıb
Region

Göygöl rayonunda vətəndaşlara vaksinasiya olunmalarına dair saxta sənədlərin verilməsi ilə bağlı cinayət işi başlanıb

Göygöl Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVİD-19 əleyhinə vaksinasiya edilmələri ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Göygöl Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVİD-19 əleyhinə peyvənd olunmadığı halda onların I və II doza vaksin olunmalarına dair tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC