Göyçay: Növbəti suvarma mövsümünə hazırlıq
İQTİSADİYYAT

Göyçay: Növbəti suvarma mövsümünə hazırlıq

İl  başa  çatmaq  üzrədir. Melioratorlar  ili yüksək   nailiyyətlərlə   başa  vururlar. Suvarma   mövsümü  başa   çatıb  və  indi   növbəti   ilə   hazırlıq   görmək   lazımdır. Böyük   rayonlardan   olan  Göyçayda  da   melioratorlar  bu   qayğılarla  məşğuldurlar.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Göyçay Suvarma Sistemləri İdarəsi rayon üzrə 26500 hektara yaxın suvarılan ərazinin su təminatı ilə məşğul olur. Suvarılan əkin sahəsinin 7069 hektarı Göyçay çayından, 17772 hektar  Yuxarı Şirvan kanalından,  1607 hektar Yekəxana Su Anbarından su  götürülməklə həyata keçirilir. Ayrı-ayrı mənbələrdən suvarma suyunu götürərək torpaq istifadəçilərinə çatdırılması məqsədilə Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan 206 kİlometrə yaxın təsərrüfatarası kanal və 1517 kilometrə yaxın təsərrüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu vardır. Bundan başqa, idarənin balansında olan baş sugötürücü qurğu üzərində yeni, müasir suölçən cihaz quraşdırılıb.

2022-ci il ərzində Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən  Qarabaqqal , Ərəb,  Şəhadət,   Mirzəhüseynli,  Bığır,   Qaraxıdır,   Çərəcə,  Potu, Müskürlü, Alpoud, Qızılağac, Çaxırı, İnçə,  Ləkçıplaq suvarma arxlarında,   Qarayazı beton kanalında  və digər arxlarda lildən təmizləmə işləri aparılıb. O  cümlədən şəhər daxilindən keçən Mallı-Şıxlı, Potu, Çərəkə, Qarabörk və  Qəzyan suvarma arxlarında lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib. Bundan  başqa, məcra təmizləmə işləri çərçivəsində Göyçay çayında da bu işlər həyata keçirilib.

Qeyd edək ki, Göyçay rayonunda əraziləri  suvarma suyu ilə təmin etmək üçün Göyçay Suvarma Sistemləri İdarəsi 3 mənbədən suvarma suyu götürür. Bunlar Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana Su Anbarıdır.

Nəriman  CAVADOV,

“Respublika”.