Göstərilən qayğı daha məsuliyyətlə çalışmağa stimuldur
Sosial həyat

Göstərilən qayğı daha məsuliyyətlə çalışmağa stimuldur

Bir müddət əvvəl Quzanlı qəsəbəsində memarlıq üslubu və gözəlliyi ilə diqqəti çəkən Muğam mərkəzində Respublika Gənclər Fondunun dəstəyi ilə Ağdam Musiqi Kolleci tələbələrinin “Torpağın səsi” layihəsi çərçivəsində keçirilən konsertində duyğulu anlar yaşandı. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, ictimaiyyət nümayəndələrinin və başqa qonaqların da iştirak etdiyi konsertdə ecazkar musiqi,  tələbələrin gözəl ifası, vaxtı necə keçdiyini bizə unutdurdu. Xeyli vaxtdır ki,  həmin konsertin təsiri altındayam.  Məqsəd Ağdam Musiqi Kollecində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi idi. Məqsədə də nail oldular.
Həmin konsertdə ən çox həyəcan keçirən kollecin direktoru Rafail Musayev idi. Onu yaxşı başa düşürdük. Bağban yetişdirdiyi ağacın məhsulu üçün necə sevinirsə, müəllimin də öyrətdiyi tələbənin çıxışı üçün keçirdiyi həyəcan və sevinc də eynidir.  Rafail müəllimi çoxdan tanıyıram, onun istedadına, səmimiyyətinə,  peşəkarlığına, necə deyərlər, can yanğısına, vətənpərvərliyinə və insanlara saf münasibətinə yaxşı bələdəm.  

Məcburi köçkünlük illərinin ilk vaxtlarında Ağdam Musiqi Kollecinin ayaqda qalmasına, kollektivin qayğılarının qarşılanmasına,  keçmiş şöhrətinin qorunmasına can qoyan,  zəhmət çəkən, yorulmadan çalışan Rafail müəllim heç zaman haqqı nahaqqın ayağına verməyib. Onu tanıyanlar yaxşı bilir ki, o əqidə adamı,  əsl ziyalıdır. Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə el içində uca olur. Rafail müəllim kimi insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.  
Bu yaxınlarda rayonda keçirilən bir tədbirdə Rafail müəllimlə görüşəndə bir az kövrəldiyini gördüm. Səbəbini soruşmadım, onsuz da indi bütün ağdamlıların kövrək vaxtıdır, Ağdamın işğaldan azad edilməsi onlara sonsuz sevinc bəxş edib. Kimi dindirirsən, kiminlə həmsöhbət olursan hamı ürəkdən gələn bir söz deyir: Müzəffər ordumuza, Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Rafail müəllim ürək sözlərini deyəndə bir cümləni xüsusi vurğuladı: “Möhtərəm Prezidentin Sərəncamı ilə Ağdama çəkilən yollar bizim ürəyimizdən, arzularımızdan, xəyallarımızdan  keçir.  Həmin yollar bizi yaxın vaxtlarda Ağdama aparacaq”.

Yeni tədris ilinin qayğılarını yaşayan təcrübəli pedaqoq, dəyərli ziyalı, sənətşünaslıq namizədi, dosent Rafail Musayev həmkarları ilə birlikdə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, savadlı, bilikli olması üçün necə deyərlər, ürəklərinin odunu, atəşini sərf edirlər. Hələ uşaq yaşlarından musiqinin ecazkar ruhu ilə nəfəs alan, Ağdam musiqi mühitində böyüyən Rafail Musayev ötən əsrdə çox məşhur olan “Qarabağ bülbülləri” ansamblında tar ifaçısı kimi ilk addımlarını atıb.

Həyatını musiqiyə həsr edən Rafail müəllim əvvəlcə Ü.Hacıbəyov adına Musiqi Texnikumunda tar ixtisası , sonra indiki Azərbaycan Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsində ali təhsil alıb. 1979-cu ildən Ağdam Musiqi Kollecində çalışır, elmi yaradıcılığını davam etdirir. Qarabağ xanəndəlik sənətinin elmi şəkildə araşdırılmasını uğurla başa çatdırıb və “Qarabağ xanəndəlik sənəti” kitabını nəşr etdirib. O, həm də bir çox metodik tövsiyələrin müəllifidir. 2004-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb, hazırda dosentdir. Həcc ziyarətində olub. İki övladı var, oğlu Hüseyn hüquqşünasdır, qızı Leyla Moskva Tibb Universitetini qırmızı diplomla bitirib.

Həmsöhbətim Rafail Musayev Ağdam  musiqi  və ifaçılıq ənənələri, Vətən müharibəsində qazanılan qələbə haqqında ətraflı danışaraq deyir:

-O məşhur məsəldə deyildiyi kimi, burda bir uşağı küsdürəndə muğam üstündə ağlayıb,  Ağdam həm də Qarabağın toy otağıydı,  öz ənənəsi olan, öz dəst-xətti olan muğam ustaları Azərbaycanın mədəniyyətinə, incəsənətinə, muğam dünyasına sanballı töhfələr veriblər. Bu gün onların adı qürur və iftixar hissi ilə çəkilir, dövlət tərəfindən layiqincə  qiymətləndirilir.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir.  Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki,  2003-cü ildə UNESCO həm milli,  həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına salınıb.  

Ağdam Musiqi Kollecinin rəhbərliyi və müəllim heyəti bütün bunlardan ruhlanaraq,  2019/2020-ci tədris ilində təhsilin yüksək səviyyədə saxlanılmasına,  tədrisin keyfiyyətinin daima yüksəldilməsinə, daxili nizam-intizam qaydalarının həmişə üstün tutulmasına çalışıb. Kollecimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi beş ixtisas - instrumental ifaçılıq (alətlər üzrə), xalq çalğı alətləri ifaçılığı (alətləri üzrə),  xanəndəlik, musiqi nəzəriyyəsi, xor dirijorluğu ixtisasları üzrə tədris fəaliyyəti həyata keçirərək subbakalavr hazırlayır. Kollecin məzunlarından Fidan Qurbanova və Məhsəti Paşayeva Bakı Musiqi Akademiyasında,  Əsgər Əsgərzadə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik şöbəsində təhsil alırlar. Bununla yanaşı, kollecin müəllimi Bəyalı Əsədov da Azərbaycan Milli Konservatoriyasına qəbul olub. Kollektivimiz Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin rəhbərliyinin kollecimizə göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirir, məsuliyyətlə çalışmağımıza stimul verir.

Müzəffər ordumuz döyüş meydanlarında,  haqq savaşında tərəflərin nəyə qadir olduğunu yüksək peşəkarlıqla nümayiş etdirdi. İtkilərimiz ürəyimizi dağladı, şərəfimizi, qürurumuzu ucaldan şəhidlər qəlbimizdə əbədi yaşayacaq. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Qarabağı azad edən oğullarla fəxr edirik. Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir. İnanırıq ki, yenidən qurulan Ağdamda yeni nəsil musiqiçilər yetişəcək, Ağdam dünyanın ən gözəl şəhərinə çevriləcək.

Salman ALIOĞLU,

“Respublika”.