“Görüm səni var ol, yaylaq!”
Region

“Görüm səni var ol, yaylaq!”

Müzəffər Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalında qalan torpaqlarımızı azad edib, qüdrətdən səngərli  qalalı dağlar  Qırxqız, Alaqaya, Çilgöz, Narışlar, Muroy, Uzunyoxuş, Dəlidağ, Qoşqar, kəklikotu, qırxbuğum, qaymaqçiçəyi, bənövşə, qantəpər ətirli yaylaqlar indi bizi səsləyir. Qoyun mələşməsi, çoban tütəyi üçün darıxan dağların, yaylaqların çal-çağır vaxtıdır.

Alaçıqlar qürular, qız gəlinlər diş göynədən bulaqlardan səhəngdə su gətirər, ocaq qalanar, sac üstündə yuxa bişirilər, samovar tüstülənər, qara qoçun ətindən bozartma bişirilər, süfrə açılar, qonum-qonşu bir yerə cəm olar, yaylaq sevinər, yaylağın səsi-sorağı hər tərəfə yayılar. Telli saz köynəyindən çıxarılar, mizrab sarı simləri titrədər, qoşmanın, gəraylının, dastanın sehri göy üzündəki  buludların qəlbinə dəyər, ay Allah, buludlar da körpə uşaq kimi göz yaşı tökər.

Yaylaqların möcüzəsi hələ bu deyil, leysanı var, seli var,  ildırımı, şimşəyi var, çobanların həyəcanlı alakərə, bozkərə, sarıkərə qoyunları sayan səsi var, çoban qaytar quzunu deyərək bir-birini haraylaması var. İnsana mənəvi zövq verən, onun ruhunu təzələyən, minbir dərdin dərmanı olan bitkiləri ilə məşhur olan Laçın yaylaqlarına  köç başladı. Qoyun-quzu sürüləri, arı ailələri yaylaqlara bəzək verib.

Vaxtilə Laçın rayonu arıçılıq mərkəzlərindən biri olub. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafına təkan verib. Minbir çiçəyin şərbətini çıxaran arılar pətəkləri tayı bərabəri olmayan bal ilə doldurublar. İşğala qədər Laçın rayonunda 42 min 364 arı ailəsi olub. Laçın 1992-ci il may ayının 18-də işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də erməni qəsbkarları tərəfindən talan edilib. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-baba yadigarı olan bu ənənəni yaşadıblar.

Yeri gəlmişkən qeyd edək ki, Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçıların daha çox sevincinə səbəb olub. Çünki onlar həm 28 il həsrətində olduqları doğma yurdlarına qayıdacaq, həm də arıçılığı daha yaxşı inkişaf etdirəcəklər. Peşəkar arıçı olan Marks Vəliyev deyir ki, Laçın rayonunun ərazisi arıçılığın inkişafı üçün olduqca əlverişlidir. Ata-babadan arıçılıqla məşğuluq. Laçın rayonu işğal edildikdən sonra boş dayanmadım, Ağcabədi rayonunun Taxtakörpü ərazisində arıçılığı davam etdirirəm.

Bitki örtüyünə və balının keyfiyyətinə görə Laçınla Ağcabədinin fərqi çoxdur. Laçın rayonu arıçılığın inkişafı üçün əvəzolunmazdır. Zəngin bitki örtüyünə malik Laçında istehsal edilən arı məhsullarının keyfiyyəti hər zaman yaxşı olub. Orada istehsal edilən balın ətri də, rəngi də fərqlidir, müalicəvi xüsusiyyəti yüksəkdir.

Şükürlər olsun Allaha, Prezidentimizin, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib. Dövlət tərəfindən arıçılıqla məşğul olan şəxslərə dəstək göstərilməsi sayəsində Laçın yaylaqlarına gəlmişik. İnanın ki, arılar gecə gündüz işləyirlər, dağ çiçəklərinin şərbətini pətəklərə daşıyırlar.

Təcrübəli arıçılar bidirirlər ki, arı pətəklərinə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman pətəyin nəmliyi, ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı daha yaxşı yoxlanılır. Nəmli və zibilli yeşiklər dəyişilir. Arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Əgər sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyini göstərir. Yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir.

Qeyd edək ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupundan  bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması uğurla həyata keçirilib.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların  təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb.

Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin koordinatları fermerlərə təqdim olunub. Eyni zamanda, kənd təsərrüfatı nazirliyinin torpaqlardan istifadəyə nəzarət, heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır.

Gözümüzdən iraq düşən yaylaqlara həyat qayıdıb. Alaçıqlar dağ döşünə yayılıb. Arıların bolluq nəğməsi ruha dinclik gətirir, insanın ruhu təzələnir.Yaylaq xəyallarımızı uzaqlara aparır, istər istəməz pıçıldayırıq, sizdən aralı düşən el geri qayıdıb.Yeni növrağın mübarək, yaylaq!

S.BABAYEV,

“Respublika”.