GÖRKƏMLİ SÖZ USTADI BÖYÜK EHTİRAMLA XATIRLANIB
Sosial həyat

GÖRKƏMLİ SÖZ USTADI BÖYÜK EHTİRAMLA XATIRLANIB

Astara Rayon Mərkəzi Kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov  tədbiri açaraq Aşıq Ələsgərin çoxəsrlik tarixə malik aşıq sənəti ənənələrinə yüksək meyarlarla yeni məzmun qazandırdığını, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini bildirib.

Aşıq Ələsgərin yubileyinin respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamını onun yaradıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət və dövlət qayğısının parlaq təzahürü olduğunu diqqətə çatdırıb.

Sonra Astara Rayon Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məruzə edib. Bildirib ki, qüdrətli sənətkarın dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə, yaradıcılığına ehtiramın təzahürüdür.

Görkəmli aşığın yaradıcılığı ümummilli lider Heydər Əliyevin həmişə diqqət mərkəzində olub. Məhz ulu öndərin təşəbbüsü ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, əsərləri dəfələrlə nəşr olunub, qədim yurd yerimiz olan Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Ümummilli liderin aşıq sənətinə göstərdiyi misilsiz qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla yad edilir.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxışlarında Aşıq Ələsgər irsinin milli-mədəni varlığımızın tərkib hissəsinə çevrildiyini, silinməz tarixi yaddaş kimi bundan sonra da əsrlər boyu yaşacağını vurğulayıblar.

Tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Azərbaycan Aşıqlar Birliyinin üzvü, beynəlxalq festivalların iştirakçısı, “Şindan” aşıqlar ansamblının rəhbəri, Sım kənd folklor evinin direktoru aşıq Elxan Şindanlı görkəmli aşığın şeirlərini, sözlərinə bəstələnmiş mahnıları ifa edib.

Sonra Aşıq Ələsgərin əsərlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.