GÖRKƏMLİ DÖVLƏT XADİMİ, MÜDRİK SİYASƏTÇİ
Siyasət

GÖRKƏMLİ DÖVLƏT XADİMİ, MÜDRİK SİYASƏTÇİ

17 noyabr 1990-cı ildə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəyi üçün mühüm və tarixi qərarlar qəbul edilmişdir

Ulu öndər Heydər Əliyev ictimai-siyasi quruluşundan asılı olmayaraq sözün əsl mənasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavod və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturu yaradılmasaydı, xüsusilə də, neft emalı sahəsində nəhəng qurğular tikdirilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı bu qədər güclü, 8 Noyabr Zəfərimiz isə bu qədər parlaq və möhtəşəm ola bilməzdi. Heydər Əliyev təkcə Azərbaycan, yaxud SSRİ miqyasında deyil, dünya çapında tanınan və böyük ehtiram bəslənilən böyük siyasətçi idi.

1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən istefa vermiş görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra, 1990-cı ilin 20 iyulunda doğma Azərbaycana qayıtdı. 20 yanvar 1990-cı ildə Bakıda törədilən dəhşətli faciənin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək 6 minə yaxın insanın iştirak etdiyi yığıncaqda çıxış etməsi, Bakıda baş verən hadisələr haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırması, bu hadisələri Azərbaycan xalqına qarşı təcavüz adlandırması, bu ağır günlərdə xalqı ilə bir yerdə olmasını bildirməsi Azərbaycan xalqında dahi rəhbərə olan sevgini daha da artırmışdı. Həmin vaxt Azərbaycana rəhbərlik edənlər isə bunu açıq-aşkar hiss etdiklərindən hər vasitə ilə Heydər Əliyevin Azərbaycana gəlməsinə mane olmağa çalışırdılar.

Bakıda yaşamasına imkan verilmədiyi üçün ümummilli lider 22 iyul 1990-cı ildə doğulub boya-başa çatdığı doğma Naxçıvana qayıtdı. Naxçıvan əhalisi ulu öndəri böyük sevgi və məhəbbətlə qarşıladı. Naxçıvan şəhərinin baş meydanına toplaşan yüz min nəfərdən çox insan bütün ömrünü Azərbaycan xalqına həsr etmiş, öz rahatlığını, dincliyini gecə-gündüz xalqının xoşbəxtliyinə sərf edən Heydər Əliyevlə vahid bir qüvvə kimi qovuşdu.

Dahi şəxsiyyətin Naxçıvana - doğma vətənə qayıdışı elə bir vaxta təsadüf etmişdi ki, respublikamız Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilər ərəfəsində idi. Həmin vaxt Naxçıvan əhalisi, demək olar ki, bütün dairələrdən Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. Ancaq mövcud qanunvericiliyə əsasən bir nəfərin bir dairədən namizədliyinin göstərilməsi mümkün olduğu üçün Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə 340 saylı Nehrəm seçki dairəsindən, Naxçıvan MSSR Ali Sovetinə isə Naxçıvan şəhər 2 saylı seçki dairəsindən namizədliyinin irəli sürülməsinə razılıq verdi. 30 sentyabr 1990-cı ildə baş tutan seçkilərdə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi.

Ümummilli lider Heydər Əliyevin deputat kimi fəaliyyətə başlamasının ilk günündən - 17 noyabr 1990-cı ildən etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə diqqəti xüsusi ilə cəlb edir. Gündəliyinə 40 məsələ daxil edilən və Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli sessiyasında qəbul olunan qərarlar buna parlaq misaldır. Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bu tarixi sessiyada Sovet Sosialist Respublikaları İttifaqının - SSRİ-nin qılıncının hələ də çox təhlükəli olduğu bir vaxtda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri götürülərək Naxçıvan Muxtar Respublikası adlandırılmış, Naxçıvan Muxtar Respublikasının Ali Dövlət hakimiyyəti orqanının - Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmiş, bu bayrağın, bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi qəbul edilməsi məsələsi Azərbaycan SSR Ali Sovetinə tövsiyə edilmişdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu qərarlar qəbul olunarkən hələ Azərbaycan müstəqilliyini bərpa etməmişdi. 18 oktyabr 1991-ci ilə 11 ay qalırdı. SSRİ kimi nəhəng və güclü dövlət hələ dünyanın siyasi səhnəsindən çıxmamışdı. SSRİ-nin süqutuna hələ bir ildən artıq vaxt qalırdı. Ona görə də, 17 noyabr 1990-cı ildə bu tarixi sessiyaya sədrlik edən ulu öndər Heydər Əliyev üzərinə çox təhlükəli və məsuliyyətli vəzifə götürmüşdü. Bu da taleyin ulu öndər Heydər Əliyevə bir qisməti imiş ki, müstəqil olmayan, SSRİ kimi dövlətin tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında SSRİ-də ilk dəfə müstəqil dövlətin atributları dövlət atributları kimi qəbul olunmuş və bu haqda qərarlar onun imzası ilə qüvvəyə minmişdir. Naxçıvanda bu cür gözlənilməz addımların atılmasını bilavasitə Heydər Əliyevin təşəbbüsünün nəticəsi kimi dəyərləndirmək lazımdır.

Lakin Azərbaycanın müstəqilliyini istəməyən, hələ də SSRİ-nin boyunduruğunda qalmaq istəyindən əl çəkməyən ölkə rəhbərliyi Naxçıvan MR Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarları "dövlətçiliyə qəsd" adlandırdı və Naxçıvanın blokada vəziyyətinə düşməsi daha kəskin xarakter aldı. Artıq deputat kimi fəaliyyət göstərən Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı ildə keçirilən sessiyasında 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinə nail oldu. Sessiyanın qəbul etdiyi və faciənin günahkarlarının - İttifaq və Azərbaycan rəhbərlərinin adı çəkildiyi qərarda 20 Yanvar hadisəsi Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən proseslərə qəsd kimi qiymətləndirilmiş, dinc əhaliyə, günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilmişdir. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsinə etiraz olunmuş, Azərbaycan SSR Ali Sovetindən tələb edilmişdi ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın. Həmçinin, sessiyada 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı. Ali Məclisin 29 noyabr 1990-cı il tarixli sessiyasında ulu öndər 17 noyabr 1990-cı il tarixli sessiyanın qərarlarının tətbiq olunması, qərarlara uyğun olaraq muxtar respublika ərazisində fəaliyyət göstərən dövlət idarələrinin blankların, möhürlərinin dəyişdirilməsi, yeni bayraqların, deputatlar üçün yeni nişanların hazırlanması haqqında təkliflər vermişdi.

Azərbaycanın keçdiyi tarixi yola nəzər salarkən, ümumiyyətlə, xalqımızın çoxminillik dövlətçilik tarixini vərəqləyərkən aydın olur ki, müxtəlif dövrlərdə ölkəmizə bir sıra şəxsiyyətlər rəhbərlik etmişlər. Ancaq bu şəxsiyyətlərin heç də hamısı xalqın sevgisini, hörmət və məhəbbətini qazana bilməmiş, unudulmuşlar. Ancaq elə şəxsiyyətlər də olmuşdur ki, onlar tariximizdə dərin iz buraxmış, xalqın yaddaşına əbədi olaraq həkk olunmuşlar. Azərbaycan tarixində çox böyük xidmətləri heç bir şübhə doğurmayan bu şəxsiyyətlər nə qədər yüksək zirvələrə qalxsalar da, ümummilli lider səviyyəsinə yüksələ bilməmişlər. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində bu adı yalnız taleyin XX yüzillikdə Azərbaycan xalqına bəxş etdiyi görkəmli dövlət xadimi, müdrik siyasətçi və diplomat ümummilli lider dahi Heydər Əliyev qazana bilmişdir.

Emin QASIMOV,

"Respublika".