Gizir  Xəqaninin  anım  günü 
Sosial həyat

Gizir  Xəqaninin  anım  günü 

Azərbaycan  Ordusunun  giziri  Xəqani  Bayramov  2020-ci il sentyabrın  27-də  Azərbaycan  Silahlı Qüvvələri  tərəfindən  Ermənistanın  işğal etdiyi torpaqların  azad  edilməsi  və  Azərbaycanın  ərazi bütövlüyünün  bərpa  olunması  üçün  başlanan  Vətən  müharibəsində Cəbrayılın  və  Qubadlının azadlığı  uğrunda   gedən  döyüşlərdə  savaşıb.  Oktyabrın   21-də  elə  Qubadlı  döyüşlərində şəhid  olub.
Xəqani   Bayramovun   anım  günü  münasibətilə  onun  məzarı  önündə tədbir  keçirildi.  Beyləqan   Rayon  İcra  Hakimiyyətinin  başçısı Asif   Ağayev,  aparatın məsul  nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, şəhidin döyüş yoldaşları, məktəb müəllimləri, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirakı  ilə baş tutan mərasimdə  əvvəlcə şəhidimizin  məzarı  önünə  əklil qoyulmuş  və ruhuna  dualar  oxundu.

Tədbirdə  rayon  icra hakimiyyətinin  başçısı  Asif  Ağayev  44 günlük  Vətən  müharibəsində Azərbaycan  Respublikasının  Prezidenti,  Müzəffər  Ali  Baş Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə şanlı  Azərbaycan  Ordusunun  əsgər  və  zabitlərinin  göstərdiyi  qəhrəmanlıqlardan  danışmış,  Xəqani Bayramovun,  bütün  şəhidlərimizin döyüş yolunun   böyüməkdə  olan  nəsil  üçün  örnək  olduğunu  diqqətə   çatdırmışdır. 

Bayramov   Xəqani  Mamed  oğlu  1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi, vətənə  əmanət   iki  övladı  yadigar  qaldı.
Şəhidin  ailə  üzvləri, döyüş  yoldaşları  və  yaxınları  Xəqaninin  döyüşlər  ərzində  göstərdiyi  şücaətdən, vətənə  bağlılıq  və sədaqətindən  söz  açaraq  onunla  birgə  yaşadıqları  xatirələri  tədbir  iştirakçıları ilə  bölüşdülər.
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət  nümayiş  etdirdiyinə  görə  Xəqani  Mamed   oğlu  Bayramov  ölümündən  sonra  “Vətən  uğrunda”, “Cəbrayılın  azad  olunmasına  görə”,  “Qubadlının  azad  olunmasına  görə”  medalları  ilə  təltif edilib.   Tədbir məktəbli şagirdlərin şəhidlərə həsr olunmuş şeir və kompozisiyaları ilə davam edib.

                                 Ərəstun   ABDULOV,    

                                “Respublika”.