GENERAL OLMAQ İSTƏYİRDİ, QƏHRƏMAN OLDU
Sosial həyat

GENERAL OLMAQ İSTƏYİRDİ, QƏHRƏMAN OLDU

Amid Heydərov 1988-ci il may ayının 20-də Lerik şəhərində dünyaya göz açıb. Valeh İbrahimov adına Lerik şəhər tam orta internat məktəbini bitirib.  Hərbçi olmaq arzusu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2010-cu ildə təhsilini başa vurub “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb.

2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində göstərdiyi igidliyə görə vaxtından əvvəl kapitan rütbəsi ilə mükafatlandırılıb. Gənc zabit 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də fəal iştirak edib. Bacarıqlı, peşəkar hərbçi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə irəli çəkilib.

Mayor Amid Heydərov Vətən müharibəsində zəfər və qələbələrlə dolu döyüş yolu keçib. Lələtəpə istiqamətindən başlayaraq Cəbrayıl rayonunun 8 kəndinin işğaldan azad edilməsində böyük şücaət, igidlik göstərib. Düşmənin çoxlu sayda tankını, digər döyüş texnikalarını sıradan çıxarıb. Cəbrayıl rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə yetişib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə Amid Rəbbil oğlu Heydərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan əlavə Vətən müharibəsində misilsiz xidmətləri  “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb. 

Lerik Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun ailə üzvləri ilə görüş keçirilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirib ki, döyüşlərdə şəhid olmuş igid, qəhrəman oğulların xatirəsi həmişə ehtiramla yad edilir. İllər, əsrlər keçəcək, şəhidlər isə ürəklərdə əbədi yaşacaqlar.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə respublikamızın hər yerində şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür,- deyə C. Baxşıyev bildirib. Sonra şəhid Amid Heydərovun “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının vəsiqəsini və medalını ailəsinə təqdim edib.

Şəhidin atası Rəbbil Heydərov oğlunun hələ orta məktəbdə oxuyarkən hərb sənətinə böyük maraq göstərdiyini, mükəmməl ali hərbi təhsil aldığını, həmyerlimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general mayoru Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürdüyünü, onun kimi general olmağı arzuladığını bildirib. Amid Heydərov Vətənə ləyaqətlə xidmət edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatında mərd, cəsarətli, peşəkar hərbçi kimi igidlik, fədakarlıq göstərib. Oğlumun döyüş yolu, qəhrəmanlığı ilə fəxr edirəm, -deyə şəhid atası qürurla bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya, oğlunun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyinə görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin rəisi Arif Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Şöbəsinin sədri Veysəl Məlikov mayor Amid Heydərov haqqında xatirələrini bölüşərək Vətənin qəhrəman övladlarının xatirəsinin həmişə ehtiramla yad ediləcəyini, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olacağını bildiriblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.