Gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Digər xəbərlər

Gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur çariçası Tomris, qəhrəman qadın hökmdar Nüşabə, orta əsrlər dövründə qadının seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun... və daha neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.

XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Əsrin əvvəllərindən başlayaraq Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan vermiş, sonralar dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda artıq qadınların ictimai fəallığının parlaq nümunələri mövcud idi. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş dərəcədə yeni gender münasibətlərinin kontekstini yaradır, ilk qadın məktəblərinin, təşkil olunan qadın yığıncaqlarının və klublarının vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşdırılmasına çalışırdılar.

Azərbaycanda qadın hərəkatının inqilabdan əvvəlki dövrü, təkcə onun kübar qanadının deyil, həm də demokratik qanadının mövcudluğu ilə xarakterikdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı.

Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual zümrəsi formalaşıb.

Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırırdı. Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdı. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respubliaksının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir.

2003-cü ildən ölkədə qadın siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, ölkədə kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Respublikada həyata keçirilən qadın siyasəti bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyi, müvafiq Dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını təmin etmişdir. Son illərdə qadınların dövlət qurumlarında və ümumilikdə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz bu siyasət nəticəsində mümkün olmuşdur.

Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir. Onlardan biri BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM) ki, ölkəmizin bu təşkilatla əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” (I mərhələ: 2001-2004; II mərhələ: 2004-2007)” adlı regional layihə çərçivəsində həyata keçirilib. Layihə əsasən, hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilib, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyıb. Bundan başqa, ölkəmiz Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və İnsan hüquqları üzrə Bürosu, qadın hüquqlarının qorunması sahəsində Avropa Şurası ilə də əməkdaşlıq edir.

Son illər Azərbaycan cəmiyyətində genderlə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Belə ki, son bir neçə ildə ölkəmizdə qadınların ictimai fəallığı xeyli yüksəlib, idarəetmə və qərar qəbuletmədə zəif cinsin nümayəndələrinin iştirakı artıb. Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Ölkəmizdə qadınlar müxtəlif dövlət qurumlarında və sferalarda fəaliyyət göstərərək, böyük uğurlara imza atırlar. Bu gün ölkəmizdə qadın hakimlərinin də sayı 60-dan yuxarıdır. Bundan başqa, ədliyyə orqanlarında işləyənlərin 1000 nəfərindən çoxu qadındır ki, onlardan da 100 nəfərə yaxını rəhbər vəzifələrdə çalışır. Hər il ölkəmizdə diplomat qadınlarımızın sayı da getdikcə artır. Dövlət qulluğunda çalışanların 28 faizini qadınlar təşkil edir.Azərbaycan qadınları güc tələb edən sahələrə də üstünlük verirlər. Bədən tərbiyəsi və idmanla məşğul olan qadınlarımızın sayı digərlərindən geridə qalmır. Bu sahədə fəaliyyət göstərənlərin 40 faizini qadınlar təşkil edir. Azərbaycan qadınları bütün sahələrlə yanaşı, siyasi sahədə də öz töhfələrini verməyi bacarırlar. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artmaqdadır. Əgər 1990-cı ildə bütün deputatrların 4,3 faizini qadınlar təşkil edirdisə, daha sonra bu rəqəm 2000-ci ildə 10,7, hazırda 16 faizdən çoxdur. Azərbaycanda bələdiyyə üzvü seçilmiş qadınların sayı da əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7 faiz olub.

Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq və bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan qadını bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Məclisin sədri, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və s. kimi yüksək vəzifələrdə təmsil olunur. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarında rəhbər vəzifələrdə çalışır. Onlar nəinki öz birbaşa öhdəliklərini layiqincə yerinə yetirir, həm də kişilərin bəzi ənənəvi fəaliyyət sahələrində əks cinslə sağlam rəqabət aparırlar. Bu isə Azərbaycan qadınına göstərilən diqqət və qayğının, etimadın təzahürüdür.

Zümrüd QURBANQIZI,

 “Respublika”.