Gənclik bütün dövrlərdə aparıcı qüvvə olub
Region

Gənclik bütün dövrlərdə aparıcı qüvvə olub

Kürdəmir rayonunda Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ucar rayon bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə rayonun Gənclər evində  “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Vətən müharibəsi iştirakçısı, qazi, polkovnik-leytenant Qubad Tağıyev, Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbənin, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin, Kürdəmir OİK-in, Kürdəmir DAİM-in əməkdaşları və rayonun fəal gəncləri iştirak edirdilər.
Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi polkovnik-leytenant Qubad Tağıyev çıxışında gənclərə 44 günlük müharibədə Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıqlardan söz açdı.Sonra tədbirdə çıxış edənlər bildirdilər ki, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi isə onun gəncləridir. Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Çıxışlardan sonra tədbir qonaqlarla gənclər arasında  diskussiya şəraitində davam etdirildi.

Tofiq HÜSEYN,

     “Respublika”.