Gənclərimiz aktiv, vətənpərvər və savadlı təbəqə olaraq yetişir
Digər xəbərlər

Gənclərimiz aktiv, vətənpərvər və savadlı təbəqə olaraq yetişir

Ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı, həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi ötən müddətdə uğurlu inkişaf yolu keçib. Bu uğurlu yol, demək olar bütün sahələri əhatə edir. Azərbaycan gəncliyinin hazırkı inkişaf tempi onu deməyə əsas verir ki, ölkəmizin gələcəyi əmin əllərdədir.

Təqvimimizdə gənclərlə bağlı xüsusi günün olması, əlbəttə, onlara verilən yüksək dəyərin təzahürüdür. Gənclər gününün ayrıca gün kimi təsis edilməsi bir daha göstərir ki, gənclərlə bağlı iş məqsədli şəkildə həyata keçirilir. Bu gün gənclərimiz olduqca aktiv, vətənpərvər və savadlı təbəqə olaraq yetişir. Heç şübhəsiz ki, burada da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayır. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi, Gənclər və İdman Nazirlyinin yaradılması, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı Dövlət proqramlarının həyata keçirilməsi, həmçinin Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir. Bizim gənclərimiz artıq hər yerdə sözünü deyir.

Tariximizin şanlı səhifələrindən biri 44 günlük Vətən müharibəsində də torpaqlarımızı azad etmək demək olar gənclərimizin üzərinə düşmüşdü. Onlar da layiqincə vəzifələrini yerinə yetirdi və bizim 30 illik torpaq həsrətimizə son qoyuldu. 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əlbəttə, gənclərimiz bu gün də vətənpərvərlik nümayiş etdirir, təqdirəlayiq addımlar atırlar. Hələ də davam edən Laçın-Xankəndi yolundakı aksiyanı misal göstərmək olar. Bu aksiyanın 2 aya yaxın davam etməsinə baxmayaraq, gənc ekofəallar öz  məqsədlərindən dönməyi düşünmürlər. Bizim gənclərimiz vətəninin hər bir qarışına, hər bir daşına, qayasına sahib çıxmağı bilir. Uğurlu gənclər siyasətinin həyata keçirilməsi nəticəsində bütün sahələrdə gənclik öz sözünü deyir. Prezident İlham Əliyevin tez-tez müxtəlif platformalarda gənclərlə görüşməsi, onlara öz tövsiyələrini verməsi onlar üçün bir stimuldur. Gənclərimizin də ölkəmizin gələcəyi baxımından  üzərlərinə böyük yük düşür. Çünki hazırkı Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bu Azərbaycanı da belə güclü saxlamaq və yaşatmaq gələcək nəsillərin əlindədir. Hazırkı durum isə onu göstərir ki, yetişən gənclər vətənini qorumağı, ölkəmizin inkişafı naminə əlindən gələni etməyi bacaran qüvvədir.

Vüqar İSKƏNDƏROV,

 Milli Məclisin deputatı.