Gənclər və idman naziri Şabranda görüş keçirib
İdman

Gənclər və idman naziri Şabranda görüş keçirib

Gənclər və idman naziri Fərid Qayıbov şimal bölgəsinə səfəri çərçivəsində Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı və Şabran rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin, ASAN Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir hər rayonda gənclərlə iş sahəsində mövcud çətinliklər və görülən işlər barədə məlumatları dinləyib.

Tədbirdə gənclərin zərərli vərdişlərdən qorunması, onların idman qurğularından istifadəsi, asudə vaxtlarının səmərəli təşkili, düzgün peşə seçiminə dəstək, region gənclərinin beynəlxalq tədbirlərdə daha fəal təmsil olunması və digər məsələlər barədə müzakirələr aparılıb.

Gənclər və idman qurumlarının fəaliyyətinin qarşılıqlı əməkdaşlıq şəraitində və əlaqələndirilmiş formada təşkilinin əhəmiyyətini, eləcə də bu formatlı müzakirələrin faydalı olduğunu bildirən Fərid Qayıbov regionda fəaliyyət göstərən gənclər təşkilatları ilə yerli idarələrin birgə görüşlər keçirmələrini tövsiyə edib.

AZƏRTAC