GƏNCƏNİN UNİKAL BULVAR KOMPLEKSİ SAKİNLƏRİ MƏFTUN EDİB
Sosial həyat

GƏNCƏNİN UNİKAL BULVAR KOMPLEKSİ SAKİNLƏRİ MƏFTUN EDİB

Yaxşı demişlər: Azərbaycan Qafqazın xalıdır, Gəncə isə  Azərbaycanın cəvahiri. Odlar yurdunun qədim siyasi və mədəniyyət mərkəzi, füsunkar guşələrindən və cəvahirindən olan Ulu Gəncə-Şeyx Nizami yurdu özünəməxsus ornamentlərini saxlamaqla  gözəlləşmiş və yeniləşmişdir. Çox  zəngin və şərəfli tarixə malik, möhtəşəm, yaşı 4 mindən çox  olan maddi mədəniyyəti, tarix abidələri və milli ornamenti saxlamaqla analoqu olmayan komplekslərin inşası və bərpası ulu Gəncənin  tarixinə qızıl hərflərlə yazılan salnaməyə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə diqqət və qayğısı sayəsində yüksəliş, tərəqqi göz qamaşdırır. İndi Gəncənin ən gözəl vaxtlarıdır. Regionlardan Gəncəyə dincəlməyə üz tutan insanların sayı durmadan artmaqdadır. Hətta, paytaxtdan bura gələn turistlərin axını yetərincədir.

Bu gün paytaxt istiqamətindən şəhərə daxil olan hər kəs möcüzələr aləmi ilə üzləşir. Yolun sağ və sol tərəflərində ucaldılan rəmzi möhtəşəm və əzəmətli Gəncə Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə- Kompleksi bir növ şəhərin qədim tarixini özündə əks etdirir. Burada hündürlüyü 65 metrdən yuxarı olan əzəmətli dövlət atributu olan müqəddəs bayrağımız, Türk dünyasının fenomeni, Ümummilli Liderin əzəmətli abidəsi, müasir üslubda işıqlandırma sistemi, bir-biri ilə uzlaşan fəvvarələr, ətrafdakı yaşıllıqlar və təravətli gül-çiçəklər qalaya xüsusi görkəm, gözəllik verir. İrəlilədikcə 3 kilometr uzunluğunda sağ və sol tərəfdəki yeniliklər və zövqlə işlənmiş memarlıq elementləri hər bir insana zövq verir. Analoqsuz, möhtəşəm Şeyx Nizaminin rəmzi - yüksək zövqlə işlənmiş “Xəmsə”ləri hamını valeh edir. Boylana-boylana bir-birindən maraqlı kompozisiyaya baxdığından, şəhərə nə vaxt girdiyindən belə xəbərin olmur. Gəncə! - Hər tərəf yaşıllıq, səliqə-sahman, sanki ətirli bir solmaz çiçəkdir. Uzun illər alaq basmış, parklar, xiyabanlar, çayın sahilləri, dünyada ən böyük parklar cərgəsində olan köhnə adı ilə desək, “Xatirə parkı” dağılıb-getmiş, sovetlər dövründən qalma heykəl və büstlər qırılıb-korlanmış, suvarma sistemi sıradan çıxmış, ağaclar qurumuşdur.

Bu boş və bərbad ərazidə, az müddət içərisində alternativi olmayan, Ümummilli Liderin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, ecazkar təbiətə malik istirahət parkı, girişdə möhtəşəm “Zəfər tağı” ucaldılmışdır ki, buraya gələn qonaqlar və sakinlər bu açıq seyrangahdan şəhərin və füsunkar Heydər Əliyev parkının mənzərəsini seyr edir. Əfsanəvi gözəlliyi ilə insanları məftun edən möcüzəli süni “göl”, balaca fidanlar üçün fantastik əyləncə mərkəzləri yaradılmışdır. Tək Gəncədən deyil, regionlardan da bu istirahət məkanına on minlərlə sakinlər dincəlməyə gəlir, bu unikal mənzərəni seyr edir, məmnun qalır, ölkə başçısına minnətdarlıq edir. Bu layihələrin son dərəcə yüksək və alternativsiz, Avropa və Şərq üslubunda qurulmasına görə dövlət başçısı cənab İlham Əliyevə borcluyuq. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni bu, doğrudan da bir möcüzədir. Gölün ətrafına nadir ağaclar və dekorativ kollar əkilmiş, yaraşıqlı oturacaqlarla təchiz olunmuşdur. Ecazkar gül kolları, yaşıl qazonların arasından boylanan al-əlvan gül-çiçəklər hər bir insana zövq verir, yaşamaq əzmini daha da artırır. Dünyanın beş ən böyük parkı arasında yer tutan, 450 hektar sahəsi olan möhtəşəm Heydər Əliyev park-kompleksinin ərazisində, uzunluğu 354 metr, eni 170 metr, dərinliyi 3 metr olan bu əfsanəvi “göl”ün içərisinə bahalı balıq olan “Yapon sazanı” buraxılmışdır. Bu balıq hamını məftun edir, uşaq və böyüklərin sevimli guşəsinə çevrilmişdir. Balaca fidanlar onlara baxmaqdan yorulmaq bilmir, əfsanəvi balıqlarsa öz çevik və qeyri-adi hərəkətləri ilə onları özlərinə cəzb edir, sevimlisinə çevrilirlər.

Gəncənin gözəlliyindən, mədəni irsindən yazmaq üçün bir qəzet kifayət etməz, biz ancaq park-bulvar kompleksindən, sakinlərin istirahətinin təşkilindən yazmağı nəzərdə tutmuşuq. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, onların asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşımaqla yanaşı, qədimliyini qoruyaraq müasirləşmiş Gəncənin gözəlliyinə əlavə çalarlar qatır.   

Şəhəri iki hissəyə bölən, qədim Gəncə çayının sağ sahilində reallaşan nəhəng “Gəncəçay” Park-bulvar kompleksi sakinləri heyrətə salmışdır.

Belə ki, heç kimin ağlına belə gətirmədiyi bu xoş mənzərə, fantastik “Gəncəçay” bulvar kompleksi sakinlərin ixtiyarındadır. Sözün əsl mənasında, bu gün, dünyanı qlobal iqtisadi böhran cənginə aldığı bir vaxtda belə möhtəşəm işlərin görülməsi ölkə başçısının vətəndaşlarına göstərdiyi sonsuz diqqət və qayğının bariz nümunəsidir. Başlanğıcını Kiçik Qafqazdan götürmüş bu möhtəşəm “Gəncəçay”, kiçik çayları da özünə toplayaraq əzəmətli Kür çayına tökülür. Yaz vaxtı aşıb-daşan, şıltaqlıq edən bu çay şəhərin memarlıq simasında böyük rol oynayır. Məhz bu baxımdan burada yaradılan bulvar qədim Gəncə memarlığının ən müasir şəhərsalma və memarlıq nümunələri ilə zənginləşdirilmişdir. Çay boyunca yeni yaradılan bulvar kompleksində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, qazonlar arasından boylanan gül-çiçəklər ətrafa xüsusi təravət verir. Qeyri-adi oturacaqlar, quraşdırılmış analoqsuz fantastik fəvvarələr ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni park, istirahət məkanı və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də Gəncənin daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, müasir standartlara uyğun üç kafe, restoran və kinoteatr, açıq havada fantastik attraksionlar və digər sosial obyektlər inşa edilmişdir ki, bunlara ecazkar bulvarın “mirvarisi” desək yanılmarıq. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb, bulvar kompleksində kanalizasiya, yağış suları ötürücüsü və içməli su təchizatı sistemi əsaslı şəkildə yenidən qurulub. Yüksək zövqlə inşa edilmiş kitab satışı mərkəzindən oxucular istədikləri kitabı alıb, açıq havada, zövqlə salınmış yaşıllıq zolağında mütaliə edirlər. Ümumiyyətlə, bu bulvar memarlığın ən son nailiyyətlərini özündə əks etdirir. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında Azərbaycanda ilk dəfə olaraq, hündürlüyü 3,5 metr olan əzəmətli heykəl ucaldılmışdır. Azərbaycan və gürcü xalqlarının dostluğuna və məhəbbətinə ithaf edilən bu abidə Çin, Fransa və Gürcüstanda da ucaldılmışdır. Bu abidənin möhtəşəmliyi və fərqi ondadır ki, heykəlin ətrafında süni tüstü effektləri verilmişdir ki, bu da aşiqlərin məhəbbətlərinin səmada uçması anlamına gəlir. Abidənin ətrafında yaradılmış 3 fəvvarə vizual olaraq göz yaşlarını xatırladır. Heykəl Şərq üslubunda, lakin modern formadadır.

Şəhər ağsaqqalı, hamının sevimlisi, nəcib və xeyirxah insan olan Kamil Fətəliyevlə bulvarda rastlaşdım, o, nəvələri ilə birlikdə istirahət edirdi. Dedi ki, nəvələrimizin sevincinin həddi-hüdudu yoxdur. Ən yeni üslubda attraksionlar, yüksək xidmətli kafe və restoranlar balaca fidanların gözlərini güldürür, ürəklərinə sevinc verir. Biz bu diqqət və qayğıya görə qədirbilən gəncəlilər adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edirik.

Məni parkda görən, uzun müddət tikinti işlərinə rəhbərlik etmiş, ixtisasca memar olan, el ağsaqqalı, sadə, təvazökar insan İsa Musayev, gözəl əhvali-ruhiyyəsi ilə istirahət etdikləri parkda, yanındakı həmyaşıdları ilə birgə məni suala tutdu: “Kim deyir ki, çınqıllı-qumlu, boz torpaqlarda gül-çiçək, ağac əkmək, daşlı-qayalı yöndəmsiz, quru səhraya bənzər yerlərdə park salmaq olmaz, gülüstan yaratmaq olmaz? Qoy gəlsin Gəncəyə, gözləri ilə görsün bu möcüzələri”.

Dünyanın əksər ölkələrində hökm sürən iqtisadi böhran zamanı Azərbaycanda həyata keçirilən sosial siyasətin uğurla davam etməsi insanları fərəhləndirir. Uğurlar olsun, Gəncəm mənim!

Zabit XƏLİLOV,

“Respublika”.