GƏNCƏLİ  ALİMİN KİTABI QIRĞIZISTANDA NƏŞR OLUNMUŞDUR
Sosial həyat

GƏNCƏLİ  ALİMİN KİTABI QIRĞIZISTANDA NƏŞR OLUNMUŞDUR

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi  Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə!” sərlövhəli elmi  məqaləsi  Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı “Uluu Toolor” nəşriyyatında Azərbaycan, rus, qırğız, türk və özbək dillərində kitab şəklində nəşr edilib.

 Nəfis şəkildə nəşr olunan kitabı  qırğız dilinə akademik Osmonakun İbraimov, özbək dilinə Daşkənddə yaşayan şairə Gülzirə Şaripova, türk dilinə Yusif Aslan, rus dilinə Aynurə Əmiraslanova tərcümə ediblər.

Qədim Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələri erməni vandalizmi nəticəsində dağıdılıb. Kitabda bu faktlar tarixi sübut və dəlillərlə şərh olunur.

Müəllif yazır: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu”.

2022-ci ilin ölkə başçısı tərəfindən “Şuşa ili” elan edilməsinə toxunan alim yazır: “Şuşa ili” Ali Baş Komandan İlham Əliyevin uzaqgörən müdrik siyasətinin, Azərbaycan Ordusunun  rəşadətinin  təntənəsi, əbədiyaşar şəhidlərimizin, qazilərimizin simasında müqəddəs ömür salnamısi, şanlı tarixi hesabatıdır.            Şuşa ili tarixi ata nəsihətinin reallaşması, günəş kimi təzahürü, ilhamnaməsidir. Şuşa ili təkcə ədəbiyyat, mədəniyyət, tarix, incəsənət ili olmayıb, qəhrəmanlıq, mərdlik, şücaət, əyilməzlik və ən ümdəsi daim haqq yolunda qılınc qaldıran əziz şəhidlərimizin, babalarımızın, analarımızın arzularının təcəssümüdür, sədasıdır”....

Kitabda qeyd edilir  ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və  bu il 270 illiyi qeyd olunan  Şuşa şəhəri zəngin sənət və qəhrəmanlıq tarixinə malikdir. Keşməkeşli inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Xatırladaq ki, kitab bu fondun sifarişi ilə çap olunan 128-ci nəşrdir.

Toplunun digər nəşrlər kimi Orta Asiya ölkələrində  yayılması nəzərdə tutulub.

Vaqif TANRIVERDİYEV,

Gəncə.